...

Ziyarətdən sonra hicab taxan sənətçiləri başını açmağa nə vadar etdi

Cəmiyyət Materials 4 Aprel 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel /müx. "TrendLife" Safura/

İllər öncə başı bağlı xanım görəndə, təəccüblənirdiksə, indi bu, adı hal alıb. Bu gün hicablı xanımların sayı artır. Hər ailədən kim isə başını örpəklə bağlayır. Bəziləri bunu namaz qıldıqları üçün, bəziləri islam dini bunu vacib buyurduğu üçün, bəziləri də ailə qurmaq məqsədi ilə edir. Bəli, məhz ailə qurmaq mıəqsədi ilə. Hicab örtən qızlar özləri haqqında heç bir kəlmə belə danışmasalar da, qeyimləri onlar barəsində hər şeyi deyir. Abırlıdır, ismətlidir, dindardır, Allahı tanıyandır və sairə və ilaxır. Cətini ərə gedənə qədərdir. Ailə qurulandan sonra hicaba əlvida deyənlərin sayı bu gün başı bağlı gəzənlərin sayından çoxdur. Əsaslı bəhanə gətirənlər də tapılır: həyat yoldaşım icazə vermir, uşaqla birlikdə hicab taxmaq çətindir, hicab taxdınsa, gərək namaz qılasan, bizim isə gah suyumuzu, gah da qazımızı kəsirlər. Bu cür bəhanələr ilə özünə haqq qazandıranlar, daha sonralar hicabı məqsədsiz taxanları da suçlayırlar. Bəzən başını bağlayıb, əyninə damdar, al rəngli geyim geyinərək diqqəti cəlb edən xanımlara da rast gəlirik. Hicablılar arasında bunu dəb xatirinə edənlər də tapılır. Bizim incəsənətin incə xanımları arasında da başını bağlayanlar var idi. Həcc ziyarətində bir yox, bir neçə dəfə olan əməkdar artist Mehriban Xanlarova, muğam ifaçısı Bəsti Sevdiyeva, Zöhrə Abdullayeva da ziyarətdən dönəndə başlarını örpəklə bağlamışdılar. Hicab taxmış halda müxtəlif telekanallarda efirə çıxan bu incəsənət nümayəndələri hamıya göstərdilər ki, "biz Allah adamıyıq, Həcc ziyarətində olmuşuq". Amma nədənsə elə bu sənətçilər az müddətdən sonra örpəklərini açan zaman nə Allahı, nə də ziyarətgahda olduqlarını düşündülər. Onları heç kim hicab taxmağa məcbur etmirdi. Bunu könüllü olaraq edən sənətçilər özünü reklam üçün hicaba müraciət etməsəydilər, daha yaxşı olardı. Nədən hicab taxıb, sonra isə başınızın örpəyini açdınız sualı ilə bu xanımlara müraciət etdik. Hər kəs özünə haqq qazandırdı:

Mehriban Xanlarova:

Mən Həcc ziyarətinə gedən zaman başımı bağlamışdım. Ziyarətdən gələndə də hicab ilə gəzirdim. Amma sonra gördüm ki, mənim üzümə çox qapılar bağlanır. Telekanallara məni dəvət edəndə soruşurdular ki, başın bağlıdır, ya açıq. Elə ki, deyirdim açıq, mənə cavabında deyirdilər ki, sonra əlaqə saxlayacaqlar və bir daha zəng etmirdilər. Mən aktrisayam. Mənim rollarımın əksəriyyəti ilə başımın örpəkli olması düzgün gəlmirdi. Qalmışdım iki fikir arasında. İcimdəki Mehriban deyirdi örpəyi açma, sənətim, ətrafımdakı reallıq isə əksini tələb edirdi. Mən qərar verdim. Hicab taxmayacağam. Hər şeyi sənətə qurban verdiyim kimi, örpəyimi də qurban verdim. Amma yenə namazımı da qılıram, Allahdan da qorxuram. Amman ə edim ki, əməkdar artist Mehriban Xanlarovayam. Aktrisayam"

Bəsti Sevdiyeva:

"Mən iki dəfə Həcc ziyarətində olmuşam. Ziyarətə getməzdən əvvəl də elə çalmalar bağlayırdım. Ümumiyyətlə, muğam ifaçısı kimi, həmişə geyimimə fikir vermişəm. Amma ziyarətə gedib gələndən sonra uzun müddət başımı örpək ilə bağlayırdım. Sonra açdım. Mənim üçün bu o qədər də önəmli deyil. İstədiyim vaxt başımı aça da bilərəm, kefim istəyəndə bağlaya da. Biz sənətçiyik. Sırf islam ölkəsində yaşamırıq. Sənətimiz ilə başımızı bağlamağımız düz gəlmir.

Zöhrə Abdullayeva:

Mən heç vaxt başımı bağlamamışam. Ziyarətə gedəndə məcbur idim bağlamağa, bağladım. Sonra da ziyarətdən qayıdandan sonra bir dəfə başıbağlı efirə çıxmışam. Sonra heç vaxt başımı bağlamamışam. Bundan sonra da bağlamaq fikrim yoxdur.

Beləcə bir çox sənətçilərimiz ziyarətə gedən zaman və ziyarətdən dönəndə başlarını bağlayıb, sonra isə hicab ilə vidalaşırlar. Bu sırada bəstəkar Nailə Mirməmmədlinin, müğənni Ruhinin də adları var. Xanımlarımızın hicab taxıb, sonra isə başlarındakı örpəyi açmasının dini baxımdan nə dərəcədə düzgün olub-olmadığını öyrənmək üçün din xadiminə müraciət etdik. Haçı Fuad nəinki sənətçilərin, həmçinin özünü dindarlıq ilə reklam edən hər bir kəsin günahının böyük olduğunu bildirdi: "İslam qanunları ilə düzgün deyil. Nəinki başın bağlanıb sonra açılması, hətta örpəksiz gəzməyin özü böyük günahdır. Hər kəs öz günahlarına özü cavab verəcək".

Bəli hər kəs öz əməllərinin cavabını verəcək. Zamanı gələndə. Din pərdəsi altında gizlənərək, özünü reklam edənlərin cəzasını da Tanrıdan başqa heç kim verməyəcək. Lakin belə insanlar o zamana qədər insanların nifrətini yox, rəğbətini qazansaydılar, daha yaxşı olardı - onlar üçün.

Xəbər lenti

Xəbər lenti