...

Günel Azəri qardaşını da Türkiyəyə aparır – müəllim kimi

Cəmiyyət Materials 9 Aprel 2008 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ müx. Trend Life Günel Əhmədova/

Bir müddət əvvəl Bakıya növbəti səfərində Günel (Azəri qızı) TrendLife-a söhbətində artıq türk şou-biznesinə əsaslı qoşulduğunu bildirib. Burada çalışmaq niyyətində olmayan gənc müğənni türk mədəniyyətinin qanunlarına uyğunlaşdığını və fəaliyyətini bu xətt üzrə davam etdirəcəyini söyləyib. Azərbaycana isə, yaxın qohum-əqrabasına baş çəkmək, təklif olarsa, burada konsert vermək üçün gələcəyini söylədi.

Hər iki ölkənin şou-biznesini müqayisə edən Günel bildirdi ki, orada məşhurlaşmaq və bu yüksəlişi qorumaq çox çətindir. Buna vaxtilə İbrahim Tatlısəsin təbliğatı sayəsində nail olan Azəri qızı artıq sərbəst çalışdığını və heç kimin köməyinə arxalanmadığını söylədi:

"İstəyirəm tək ayaqüstə dayanmağı öyrənim. Artıq dolğun yaşa çatmışam və sərbəst fəaliyyət göstərməyə gücüm çatır. Hər məqamda İbrahim bəyə müraciət etsəm, özümü gücsüz hiss etmiş olaram".

Artıq tədbirlərə və konsertlərə heç kimin təsiri olmadan dəvətlər alan Günel yaxın aylar üçün böyük layihələrlə özünü bir daha təsdiq etmək istəyir. Amma müğənni düşünür ki, burada mütləq Azərbaycanın naxışı olmalıdır. Bunun üçün o, qardaşı Tunarı türk şou-biznesinə meylləndirməyi düşünür. Bunun başqa bir səbəbinin də olduğunu deyən Günel təfərrüatı ilə bunları danışdı:

"Azərbaycan muğamlarının gücü artıq bütün dünyaya bəllidir. Türkiyədə bu sənətə vurğun insanlar çoxdur. Lakin onları öyrədəcək insan olmadığından, folklor musiqini necə gəldi ifa edirlər. Bu qənaətə gəlmişəm ki, Tunar bir müddət Türkiyədə yaşasın və muğam öyrənmək arzusunda olan türk sənətçilərinə kömək etsin".

Xatırladaq ki, Azərbaycan Milli Konservatoriyasında xanəndəlik sinfində oxuyan Tunar xalq artisti Arif Babayevdən dərs alıb. Bacısının bu təklifini dəyərləndirən Tunar yaxın həftələrdə Türkiyəyə səfər edəcək.

Azərbaycanla sıx bağlılığı olan İbrahim Tatlısəs bunun təməlində folklor musiqilərimizin olduğunu heç vaxt danmayıb. Arabir bunları repertuarına daxil edən İbrahim bəy bəzən anonim imzası ilə çıxış etsə də, səhvini düzəltməyə çalışıb. İndi isə o, gənc müğənni və bəstəkar Tunarın repertuarından oxumaq istəyir. Xatırladaq ki, Tunarın ifasında səsləndirilən "Ölər yarın" mahnısını dinləyən İ.Tatlısəs bacısı Güneldən Tunarın həmin mahnını ona təqdim etməsini xahiş edib. Müraciətə müsbət yanaşan Tunar türk sənətçisinin onun bəstəsinin oxumaqdan məmnunluq duyduğunu bildirib. Qeyd edək ki, sözügedən mahnı İbrahim Tatlısəsin yaxın vaxtlarda buraxılacaq albomuna daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti