Azərbaycan, Bakı, 23 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Neftçi" klubunun hücumçusu Branimir Subaşiç çempionat başa çatan kimi iş yerini dəyişəcək. Bu barədə Trend -a futbolçuya yaxın mənbələr məlumat verib. Verilən məlumata görə, Serbiyadan olan futbolçu Ağdamın "Qarabağ" klubu ilə danışıq aparır.
Subaşiç Azərbaycan yığma komandasında da oynayır. Azərbaycan vətəndaşlığını qəbul edən futbolçu Avropa çempionatının son seçmə mərhələsində Polşa komandasının qapısına qol vurması ilə yadda qalıb.
"Neftçi" klubunun vitse-prezidenti Ramin Musayev Subaşiçin "Qarabağ"a transferi ilə bağlı bildirib ki, futbolçunun qarşıdakı mövsümə hansı komandada başlayacağı hələ dəqiqləşməyib.
"Qarabağ" başa çatmasına bir tur qalan Premyer-Liqada beşinci pillədə yer alır. Komanda növbəti çempionatda çempionluq uğrunda mübarizə aparacaq. Yığma komandanın əsas hücumçusu olan Subaşiçin transfer olunması da buna hesablanıb.
Serbiyalı futbolçu Azərbaycanda "Neftçi"dən başqa heç bir klubda çıxış etməyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]