...

Türk estradasının ulduzu Çingiz Kurtoğlu müğənni Elçin Hüseynovun toyunda doyunca oxuyub-oynadı (fotosessiya)

Cəmiyyət Materials 25 May 2008 16:27 (UTC +04:00)
Türk estradasının ulduzu Çingiz Kurtoğlu müğənni Elçin Hüseynovun toyunda doyunca oxuyub-oynadı (fotosessiya)

Azərbaycan, Bakı, 25 may /müx.TrendLife Şahin Cavadsoy/ Dünən "Flaminqo" restoranında müğənni Elçin Hüseynov subaylığın son gecəsini yaşadı. Xatırlatmaq istərdik ki, toyundan bir gün əvvəl sözügedən sənətçi türk müğənnisi Çingiz Kurtoğlu ilə birgə elə bu məkanda "Son gecə" adlı konsert proqramı ilə çıxış edib. Keçirdikləri mətbuat konfransında jurnalistlərə Elçin söyləyib ki, bir gün sonra media mənsubları da subaylığının son gecəsinə şahidlik etmək üçün onun qonaqları arasında olacaq. Sözünə əməl etdi də.

Restoranın həyətində qurulan toy məclisi tanınmış tele-aparıcı, şoumen Nəsib Nurun tamadalığı ilə idarə olunurdu. Masalarda qohum-əqraba ilə yanaşı yerli şou-biznes nümayəndələrinin də yavaş-yavaş yerlərini rahatladığı diqqətimizdən qaçmadı. Bu gecənin əsas səbəbkarları - Elçin və Aysel cütlüyü isə olduqca şən görünürdü. Onlara yaxınlaşıb Elçinin dilindən özünə ünvanladığı təbrikləri öyrənməyə müvəffəq olduq: "İnana bilmirəm ki, bu gün bəy kürsüsündə əyləşmişəm. Anladım ki, saysız-hesabsız toy məclislərində oxumaq çox asandır, nəinki bəy kürsüsündə əyləşmək. Xanımımı özüm seçib-bəyənmişəm. Əminəm ki, çox mehriban ailəmiz olacaq".

Əvvəldə də vurğuladığımız kimi toy məclisinə Elçin Hüseynovun sənət yoldaşları da təşrif buyurmuşdu. Başda əməkdar artist Ədalət Şükürov olmaqla digər həmkarları - Yusif Mustafayev, Nadir Bayramlı, İzzət Bağırov, Samir Piriyev, Nüşabə Ələsgərli, Qismət, Xatirə İslam, Aslan Hüseynov, Nadir Qafarzadə, Rüfət Axundov, Zamiq, "Şeron qrupu"nun üzvləri; tanınmış prodüserlər - Elnurə və Anar Mədətovlar, Sayqa Cahid; tele-aparıcı İlkin Həsəni; rejissor Kənan M.M və başqaları TrendLife-ın yaratdığı imkandan istifadə edib cütlüyə ən xoş təbriklərini çatdırdılar. Deyilən təbriklərdə əsasən bu kəlmələr səslənirdi - "İnşallah Elçin gələn il şərəfli ata adına layiq görülsün".

Toyun kuliminasiya nöqtəsini türk müğənnisi Çitngiz Kurtoğlunun səhnəyə çıxmasını hesab etmək olardı. Olduqca səmimi davranan sənətçi ilk əvvəl Azərbaycan toylarına heyran olduğunu söylədi. Bir başqa ampluadan çıxış edən Kurtoğlu cangündənlərin köməyindən istifadə etmədən toy-əhli ilə qaynayıb-qarışdı və yorulmadan oxuyub-oynadı. Repertuarının şah əsəri sayılan "Yorğun yıllar" bəstəsini isə ilə Elçinlə duet oxudu.

Çingiz Kurtoğludan sonra yenidən müğənnilərimiz bəy-gəlinin şərəfinə mahnı paylarını səsləndirib toyu bir az da qızışdırdılar.

Beləcə daha bir kişi müğənnisi subaylığın daşını atıb evlilik həyatına qədəm qoydu. Biz də "Xoşbəxt olun!" sözlərimizlə toy reportajına son nöqtəni qoyuruq.

Xəbər lenti

Xəbər lenti