Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.Babayev/ Azərbaycan hökuməti BMT-nin Ümümdünya Ərzaq Proqramının müddətinin uzadılması ilə bağlı hər hansı danışıq aparmır. "BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycandakı qaçqın və məcburi köçkünlərə verdiyi ərzaq yardımını iyunun 30-da bütövlükdə dayandıracaq", cümə axşamı jurnalistlərə Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov deyib.
Trend -un arayışı: BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində Azərbaycandakı qaçqın və məcburi köçkünlərə 1994-cü ildən ərzaq yardımı edilir. İlk illər proqramdan 300 min qaçqın və məcburi köçkün yararlanırdı. Son 2 ilə qədər isə ərzaq proqramı 170 min qaçqın və məcburi köçkünə şamil edilib. İyunun 30-da BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycandakı qaçqın və məcburi köçkünlərə verdiyi ərzaq yardımını bütövlükdə dayandıracaq.
Ümumdünya Ərzaq Proqramından hazırda 70 min qaçqın və məcburi köçkün yararlanır. Proqramdan kənar qalan 230 min qaçqın və məcburi köçkünün ərzaq yardımını Azərbaycan hökuməti öz üzərinə götürüb. Ümumdünya Ərzaq Proqramının icrası dayandırıldıqdan sonra qalan 70 min qaçqın və məcburi köçkünün də ərzaq yardımını hökumət öz üzərinə götürəcək.
Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və ölkəsindən azərbaycanlıları etnik təmizləməyə məruz qoyması nəticəsində Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün yerləşdirilib.
Həsənov bildirib ki, Ümümndünya Ərzaq Proqramı çərçivəsində indiyədək məcburi köçkünlərə və əhalinin aztəminatlı təbəqəsinə 115 milyon dollardan çox dəyərində 165 min tona yaxın ərzaq paylanılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]