...

Hər şeyə özüm nail olmuşam– Azərbaycanın xalq artisti İlham Namiq Kamal

Cəmiyyət Materials 30 May 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /TrendLife müx. Safura

Əvvəllər tamaşaçıların İlham Əhmədov kimi tanıdıqları, illər sonra isə soyadını dəyişən, əslən Şamaxılı olan Azərbaycanın xalq artisti İlham Namiq Kamal 1949-cu ilin yanvar ayının 9-da Bakıda dünyaya göz açıb. Ailəsinin aktyor sənəti ilə heç bir bağlılığı olmadığını deyən İlham, valideynlərinin istəyi ilə jurnalisika fakültəsində daxil olmalı imiş. Hələ məktəbdə oxuyarkən Universitetin jurnalistika fakültəsində yeri "hazır olduğunu" bilən xalq artisti valideynlərinin xəbəri olmadan sənədlərini İncəsənət İnstitutuna verir və qəbul olur. Onun bu seçimi valideynlərini çaşbaş qoyur. Niyə o aktyor sənətini seçdi, onun sonu necə olacaq sualları bir neçə müddət ailədə səslənir . Özündən kiçik qardaşı Cəfər də İncəsənət instituta qəbul olunanda bu söz- söhbətlərə son qoyulur. Hazırda İncəsənət Universitetində kafedra müdiri vəzifəsində çalışan, Miniatür Teatrına rəhbərlik edən və bütün rəhbər vəzifələrinə baxmayaraq, səhnədə yeni rollar, obrazlar yaradan xalq artisti İlham Namiq Kamal ilə görüşdük. Müsahibimə ilk sualım elə soyadı ilə bağlı oldu:

-Sizi uzun illər sizi İlham Əhmədov kimi tanıyırdıq. Birdən-birə solyadınızı dəyişdiniz. Bu ismlərin oğlanlarınıza aid olduğunu deyənlər də var.

- Mən də bu haqda eşitmişdim. Mənim yox, kiçik qardaşımın oğlanlarının adları Namiq və Kamaldır. Onlar atamın adını daşıyırlar. Atam rəhmətə gedəndən sonra qardaşlar belə qərara gəldik ki, onun adını yaşatmaq üçün soyadımızı dəyişək, Namiq Kamal edək. Qərarımızı hamıdlıqla həyata keçirdik. Məni Əhmədov kimi tanıyırdılar, lakin rollarıma görə sevirdilər. Mənim sadəcə soyadım dəyişib, yerdə qalan heç nə dəyişməyib.

-Aktyor kimi siz qardaşınızdan daha tez tanındınız. Cəfər Namiq Kamal tamaşaçıların diqqətini çox gec cəlb etdi. Siz daha yaxşı bilərsiz, səbəbi nə idi?

-Birinci onu deyim ki, hərənin bir qisməti var. Biz Cəfər ilə ali məktəbdə demək olar ki, eyni vaxtda oxumuşuq. Amma mənim üzümə açılan qapılar onun üzünə açılmayıb. Məni televiziya rejissorları tez-tez teletamaşalarda çəkilməyə dəvət edirdilər. Mən Akademik Milli Dram Teatrında, Cəfər isə Gənc Tamaşaçılar Teatrında çalışırdı. Bunun özü də böyük əhəmiyyət kəsb edirdi. O zamanlar Akademik Milli Dram Teatrına böyük diqqət var idi.. Amma digər teatrlarda çalışan aktyorlar üçün tanınmaq, dəvətlər almaq çətin idi. Eləcə də Cəfər üçün. Qardaşım Akademik Milli Dram teatrında işləməyə başlayandan onun da çoxlu pərəstişkarları yarandı. Bu gün o kifayət qədər tanınır və sevilir.

Biz heç bir zaman sənəti ailəyə gətirmirik. Sənət sənətdir. Ailə isə ailə. Bunların bir-birinə heç bir qatışacağı yoxdur. Mən övladlarım üçün sadəcə atayam. Xalq artitsi İlham Namiq Kamal tamaşaçıların sevimli aktyorudur.

-Ailədən söz düşmüşkən deyirlər siz ailədən danışmağı o qədər də sevmirsiz. Niyə, bilmək olar?

Bilirsiniz, elə şeylər var ki, ondan tamaşaçılar xəbər tutmamalıdırlar. Ailə sırf mənə aid olan bir dünyadır. Bu dünyaya kimin isə daxil olmasını, müzakirə obyektinə çevilməsini istəmirəm. Mən bir az gec ailə qurmuşam. Gələn il artıq 60 yaşım olacaq, amma övladlarımın ikisi- oğlanlarım hələ orta məktəbdə təhsil alır. İki qızım da var. Hələ heç biri ailə qurmayıb. Elə bu səbəbdən nə övlad toyu görmüşəm, nə də nəvə. Sizə deyim ki, həyatda heç nəyin həsrətini çəkməmişəm. Hər nə istəmişəmsə, geci tezi ona nail olmuşam.Ümumiyyətlə həsrətdə olmağı sevmirəm. Qismətimdə nə varsa, ağlım nəyə imkan verirsə, o qədər də payım olacaq.

-Ailə qurarkən də həsrətdə olmamısınız? Axı deyirlər insan sevəndə sevdiyinə qovuşmağın həsrətini çəkir. Heç sevginin də həsrətini çəkməmisiniz?

-Yox. Mənim həyat yoldaşım ixtisasca həkimdir. Mən onu xeyir işdə görüb bəyənmişəm. Rahatlıq ilə, heç bir çətinlik çəkmədən ailə qurdum. Biz ailə qurandan həyat yoldaşım işləmir. Əvvəlcə qızlarım, sonra isə oğlanlarım düyaya gəlib. Bəziləri qız övladı dünyaya gələndə, oğlan arzusunda, həsrətində olur. Amma mən yox. Onların da həsrətini çəkməmişəm. Qız da var, oğlan da.

-Övladlarınızdan kimsə sənətinizi davam etdirəcəkmi? Bunu istərdinizmi, soruşmuram. Çünki artıq bilirəm siz heç nə istəmirsiniz.

-Bəli. Düz qeyd etdiniz. Övladlarımdan qızlarım artıq özlərinə ixtisas seçib. Onlar dəqiq aktrisa olmayacaqlar. Ona görə yox ki, mən istəməmişəm. Ona görə ki, sənət seçimində məcburiyyət yoxdur. Kim hansı ixtisası sevirsə, ona da yiyələnməlidir. Oğlanlarım hələ məktəbdə oxusalar da onlarda da aktyor sənətinə maraq görməmişəm. Amma hər şey qismətdən asılıdır. Bəlkə onlar da mənim kimi birdən qərar verdilər.

-Siz aktyor olmağa birdənmi qərar vermişdiniz?

-Biz məktəbdə oxuyan zaman, məktəblərdə dram dərnəkləri fəaliyyət göstərirdi. Mədəniyyət evlərində xalq teatrları var idi. Mən elə məktəbli ikən tez-tez dərnəklərin üzvü olurdum. Tamaşalar oynayırdıq. Bir də o vaxtlar aktyorlar üçün hər cür şərait var idi. Aktyor nə yeyəcəyini, hardan qazanacağını gecə- gündüz düşünmürdü. Valideynlər də övladının taleyindən bu günkü qədər narahat deyildilər. Arxayınlıq var idi. Mən o vaxtlar gənc aktyor da olsam, AzTv dən 500-600 rubl qonarar alırdım. Üstəgəl teatrdan aldığım 300 rubl, maaş. Təqribən min rubla yaxın pul o zaman az deyildi. Çox vəzifə sahibləri bu qədər məvacib almırdılar. İndi aktyor ailəsini necə dolandıracağını düşünmək məcburiyyətindədir. Lakin qeyd etməliyəm ki, bu gün də istedadlı gənclər çoxdur.

Ağaxan Şərifov, Gülnarə Əzizova, Miriş Hüseynov, Səməd, Sona Əliyeva kimi gənc aktyorlar teatrda aparıcı rollar oynayırlar. Bu gün onlar tanınmırlar. Amma bir neçə ilə onlar parlayacaqlar.

-Tamaşalar ilə yanaşı, filmlərdə də maraqlı rollarınız olub. Bu gün filmlər çəkilmir. O günlər üçün darıxmırsınız?

-Bu gün seriallar, teletamaşalar çəkilsə də onların səviyyəsi məni qane etmir. Əvvəllər filmlər lentə çəkilirdi. İndi isə bir neçə kameranı götürüb gedirlər "film" çəkməyə. Çəkilişlərin də ləzzəti qalmayıb.

-Seriallarda da çəkilmisiniz. Onlar necə sizi qane edirmi?

-Seriallar dövlət səviyyəsində olmalıdır. Vaxtı ilə Rusiyada Braziliya serialları baş alıb gedirdi. Lakin dövlət rəhbəri dəyişəndən sonra, ruslar özləri serial çəkməyə başladılar.. Amma Azərbaycanda yeni filmlərin, eləcə də serialların çəkilişi vəsait tələb edir. Biz tələbə ikən çəkilmişik, amma indiki gənc aktyorlar üçün iş qıtlığıdır. Biz hamımız gənclərə kömək etməliyik. Cünki, bizə də kömək ediblər.

-İlham müəllim, bir çox aktyorlarımız qadın rolları oynayıb. Lakin sizin bircə dəfə oynadığınız qadın rolu hamının yadındadır. Rəhman Əlizadənin "Həmişə təmizlikdə" tamaşasındakı deyingən qadın obrazı. Necə oldu ki, qadın rolu oynamaq fikrinə düşdünüz. Bildiyim qədər bu fikir özünüzün olub.

-Bəli Hüseynağa Atakişiyev ilə oturub fikirləşdik ki, bu tamaşada bir qadın obrazı da olmalıdır. Mən aktyoram və bu rolu da oynadım. Göstərdim ki, mən bunu da bacarıram. Hüseynağa bacı rolum da var. O da ən çox xanımların ürəyinə yatan bir obrazdır. Tamaşaçılar mən deyərdim ki, bu tamaşanı məhz bu rol ilə yadda saxlayırlar. O ki, qaldı qadın rolunun öydəsindən gəlməyin asan və ya çətin olmasına, mən aktyor olduğum üçün müşahidə etməyi sevirəm. Bu rolu oynamaqdan ötrü çox müşahidə edirdim, ki, yaratdığım obraz kamil olsun. Düşünürəm ki, bu günə qədər yadda qalıbsa, deməli yaxşı çalışmışam. Əməkdar, daha sonra xalq artisti fəxri adlarına layiq görülmüşəm. Bü gün yenə də teatrda çalışıram. "İlham Miniatür" teatrında bu gün çox istedadlı aktyorlar yetişir. Bizim tamaşalar zamanı bir çox rejissorlar onları görüb. Dəvət edirlər. Bu mənim uğurumdur.

Xəbər lenti

Xəbər lenti