...

Azərbaycanda iqtisadçı alim, akademik Əhməd Mahmudovun 85 illik yubileyi qeyd olunub (video)

Cəmiyyət Materials 30 May 2008 15:27 (UTC +04:00)
Azərbaycanda iqtisadçı alim, akademik Əhməd Mahmudovun 85 illik yubileyi qeyd olunub (video)

Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında iqtisadçı alim, iqtisad elmləri doktoru, AMEA-nın həqiqi üzvü, akademik Əhməd Mahmudovun 85 illik yubileyi ilə bağlı xatirə tədbiri keçirilib.

Trend -un arayışı: Əhməd Əkbər oğlu Mahmudov 1923-cü il mayın 25-də Naxçıvanın Şahtaxtı kəndində anadan olub. Şahtaxtıda orta məktəbi bitirən Mahmudov 1941-1945-ci il İkinci Dünya Müharibəsinin iştirakçısı olub. 1946-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1950-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən Mahmudov 1956-cı ildə SSRİ Elmlər Akademiyasında namizədlik idissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi, 1960-cı ildə isə iqtisad elmləri doktoru dərəcəsini alıb. Mahmudovun təşəbbüsü ilə AMEA-da İqtisadiyyat İnstitutu təsis edilib. 200-ə yaxın elmi əsərin, məqalə və monoqrafiyanın müəllifi olub. Mahmudov 1989-cu il mayın 8-də vəfat edib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, Mahmudov öz əməlləri ilə tarix yazıb. Azərbaycan elminə böyük töhfələr verdiyini deyən Kərimov bildirib ki, Mahmudov Azərbaycan kənd təsərrüfatının intensivləşdirilməsi, istehsalın, aqrar iqtisadiyyatın inkişafı ilə bağlı iqtisadiyyat elmini yaradıb.

Tədbirdə çıxış edən akademiklər, iqtisadçı alimlər bildiriblər ki, Mahmudov kökündən gələn əxlaqi-mənəvi dəyərlərə məxsus, nəfəsi ilə yox, əməli ilə yaşayan alim olub.

Tədbir iştirakçılarına, həmçinin akademik Mahmudovun elmi əsərlərinin toplusundan ibarət "Azərbaycan iqtisadiyyatının aktual problemləri" adlı kitab da təqdim edilib. Eyni zamanda, tədbirdə Azərbaycanın xalq rəssamı Tahir Salahovun müəllifi olduğu akademikin portret şəkli nazir Eldar Mahmudova təqdim edilib.

Tədbirdə daha sonra Mahmudovun həyat və yaradıcılığından bəhs olunan film nümayiş edilib. Toplantının sonunda mərhum akademikin oğlu, Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov tədbir iştirakçılarına minətdarlığını bildirib. "Atam haqqında deyilənlər bütün Azərbaycanın ziyalıları haqqında söylənilənlərdir" - deyən nazir bildirib ki, atası alim kimi çalışdığı dövrdə kadr siyasətinə xüsusi diqqıt yetirib: "Atam həmişə azərbaycanlı iqtisadçıların yetişməsi üçün mübarizə aparıb" - nazir Mahmudov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti