Azərbaycan, Bakı, 18 iyun / Trend / Sürixdə "Letsqrund" stadionunda İtaliya və Fransa yığmaları arasında keçirilən oyun dünya çempionlarının qələbəsi ilə başa çatıb. Fransızların qapısına ilk qolu görüşün 25-ci dəqiqəsində penaltidən Andrea Pirlo vurub. Matçın 62-ci dəqiqəsində isə De Rossi fərqlənib.
Bu görüşü slovakiyalı Lyuboş Mixelin başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Bununla da italyanlar 1/4 finala vəsiqə qazandılar. Bu işdə şübhəsiz ki, onlara rumınları məğlub edən hollandlar kömək etdilər.
1/4 finalda İtaliya yığması D qrupunda birinci yeri tutan İspaniya millisi ilə üz-üzə gələcək.
Van Bastenin yetirmələri isə D qrupunda ikinci yerə sahib çıxacaq komanda ilə görüşəcəklər. Hollandların rəqibini və Euro-2008-in sonuncu 1/4 finalçısını bu gün oynanılacaq Rusiya-İsveç matçı müəyyənləşdirəcək.