...

Azərbaycanda narkomaniya ilə mübarizədə KİV-in rolu artırılacaq

Cəmiyyət Materials 19 İyun 2008 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Telekanallarda hazırlanan bəzi verilişlərdə və kinolarda narkomaniyanın təbliğinə yer verilir. Bu sözləri cümə axşamı "Narkomaniyanın profilaktikasında medianın rolu" mövzusunda keçirilmiş konfransda çıxış edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

MTRŞ sədri bildirib ki, bunun qarşısını almaq üçün yaxın gələcəkdə müəyyən qadağalar tətbiq olunacaq.

Məhərrəmli narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə kütləvilik xarakteri verilməsini, KİV-in bu problemlə mübarizədə aktivliyinin artırılmasını vacib sayıb. O hesab edir ki, jurnalistlər arasında bu problemlə bağlı ixtisaslaşma aparılmalı, bu mövzuda yazan KİV nümayəndələri ekspert qismində hazırlanmalıdırlar.

Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının (SCAD) koordinatoru Məzahir Əfəndiyev qeyd edib ki, bu problemlə mübarizədə aparılan təbliğatda bir süstlük müşahidə olunur. Onun sözlərinə görə, aparılan təbliğat işləri isə istənilən nəticəni vermir.

Əfəndiyev Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizə siyasətini 3 mərhələyə ayırıb.

1996-2000-ci illəri əhatə edən birinci mərhələdə qanunsuz dövriyyədən daha çox yüngül, 2000-2006-cı illəri əhatə edən ikinci mərhələdə ağır, 2006-cı ildən bu günədək davam edən mərhələdə isə kimyəvi tərkibli narkotiklərin çıxarıldığını bildirib.

Azərbaycanda narkotiklərdən istifadənin gəncləşdiyini vurğulayan koordinator deyib ki, əvvəllər narkotikdən istifadə edənlər 25-30 yaş həddində idisə, indi bu göstərici 18 yaşa enib.

Konfransda narkotiklərin yayılmasının qarşısının alınmasında aparılan maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi ilə bağlı ən yaxşı məqaləyə görə KİV əməkdaşları arasında müsabiqənin elan olunacağı diqqətə çatdırılıb. Müsabiqədə bu il iyunun 26-dan gələn il iyunun 26-dək KİV-də bu mövzu ilə bağlı yer alan məqalələr, araşdırmalar, TV proqramlar qiymətləndiriləcək.

Konfrans SCAD, MTRŞ, Gənclər və İdman Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Dövlət Komissiyasının məlumatına görə, ölkədə qeydiyyata alınan narkomanların sayı 3 min nəfərdən çox artıb. Ötən il bu göstərici 18 min nəfər idisə, bu il 21 min 80 nəfər olub.

Daxili işlər orqanları tərəfindən bu ilin birinci rübündə qanunsuz dövriyyədən 181  kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 400 nəfərdən 367-i əmək qabiliyyətli işləməyən və oxumayan, 101-i əvvəllər cinayət törətmiş şəxs, 7-i qadın, 1-i yetkinlik yaşına çatmayan şəxsdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti