Azərbaycan, Bakı, 26 iyun / Trend / Avro-2008-in ilk yarımfinal qarşılaşması Almaniya yığmasının qələbəsi ilə başa çatıb. Böyük maraq kəsb edən görüşdə Yoahim Lövün yetirmələri Türkiyə yığmasını 3:2 hesabı ilə məğlub ediblər.
Hesabı matçın 22-ci dəqiqəsində Uğur Boral açıb. Beş dəqiqə sonra isə Şvaynştayqer Podolskinin ötürməsini gözəl zərbə ilə tamamlayıb. 78-ci dəqiqədə Miroslav Kloze Rüştünün qoruduğu qapıdan ikinci qolu vursa da, Semih Şəntürk matçın 84-cü dəqiqədə status-kvonu bərpa etməyə müvəffəq olub. Lakin az keçmədən Filipp Lam türklərin qapısına daha bir qol vuraraq qarşılaşmada son nöqtəni qoyub.
Matçı isveçrəli hakim Massimo Buzakanın rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.