Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın ən titullu futbol məşqçisi olan Ağasəlim Mircavadov "İnter" klubundan iş təklifi alması haqda deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib. "Mənə hansısa klubdan real təklif olmayıb. Belə bir təklif olsa, düşünüb qərarımı verəcəyəm", cümə axşamı Trend -a Mircavadov deyib.
Mircavadov sonuncu futbol mövsümündə "Xəzər-Lənkəran"ın baş məşqçisi olub. "Xəzər-Lənkəran" UEFA kubokunda Polşanın "Lex" komandası ilə oyunlarda məğlub olandan sonra, Mircavadov bu klubdan uzaqlaşdırılıb.
Hazırda istirahətdə olan məşqçi bildirib ki, karyerasını ölkə xaricində davam etdirmək variantı olsa da, buna razılıq verməyib. "Bir müddət əvvəl xaricdə işləmək variantı var idi. Amma mən xaricdə işləmək niyyətində deyiləm. Artıq yaşım çoxdur və ailəmdən uzaqda olmaq istəmirəm", - deyə Mircavadov əlavə edib.
Mircavadov məşqçilik karyerası ərzində müxtəlif klublarla dəfələrlə Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb. Onun rəhbərliyi altında "Neftçi" və "Xəzər-Lənkəran" klubları "Birlik Kuboku"nun qalibləri olublar.
Azərbaycanın yığma komandasının da baş məşqçisi olmuş Mircavadov, Şöhrət ordeninə layiq görülüb.