...

Azərbaycanın din xadimləri məsciddə baş verən partlayışı ölkənin təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirirlər

Cəmiyyət Materials 19 Avqust 2008 16:31 (UTC +04:00)
Azərbaycanın din xadimləri məsciddə baş verən partlayışı ölkənin təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirirlər

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın din xadimləri Bakının Nərimanov rayonunda yerləşən Əbu-Bəkr məscidində baş verən partlayışı ölkənin milli-mənəvi təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndiriblər. "Biz baş verən qanlı olayı pisləyir və bunu İslamın gözəl mahiyyətinə zidd olan bir cinayət kimi qiymətləndiririk", - deyə Azərbaycanın 41 din xadiminin çərşənbə axşamı imzaladığı bəyanatda bildirilib.

Trend -un arayışı: Avqustun 17- də axşam saat 21.00 radələrində Bakının Əbu -Bəkr məscidində axşam namazı zamanı partlayış törədilib. Naməlum şəxs namaz vaxtı məscidin pəncərəsini sındıraraq, içəri iki ədəd RQD-1 əl qumbarası atıb. Baş verən partlayış nəticəsində üç nəfər ölüb, 11 nəfər yaralanıb.

İşin istintaqı Bakı şəhər prokurorluğuna tapşırılıb və faktla bağlı Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4), iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri üzrə cinayət işi açılıb.

"Biz bəyan edirik ki, heç bir motiv və emosiya ibadətgaha hücuma və orada ibadət edənlərə qarşı ölüm qəsdinə bəraət qazandıra bilməz. Baş verənlərin kimin müəllifliyinə və icrasına aid olmasından asılı olmayaraq, bu - birmənalı olaraq Azərbaycanın milli-mənəvi təhlükəsizliyinə ciddi təhdiddir", -deyə bəyanatda vurğulanıb.

Dindarların fikrincə, bunun qarşısında Azərbaycan cəmiyyəti vahid prinsipial mövqe sərgiləməli və bu üsulların heç bir vəchlə məqbul olmaması barədə aydın və birmənalı mesajlar verməlidir: "Hesab edirik ki, cəmiyyətin bütün təbəqələri bu əməllərin Azərbaycan üçün sabitliyin pozulması amili rolunu oynamağa imkan verilməyəcəyi barədə dəqiq mövqe nümayiş etdirməlidir".

Onlar qeyd ediblər ki, terrorun müəllifləri və icraçıları bu fəlakətin önündə bütün Azərbaycan ictimaiyyətini görməlidirlər. Bu halda, Azərbaycanı öz eksperimental oyunlarının poliqonuna çevirmək istəyən ünsürlər öz niyyətlərindən birdəfəlik daşınarlar.

"Biz bütün Azərbaycan toplumunu, xüsusilə də inanclı insanları baş verən faciəni pisləməyə və onun önündə səbr və təmkin nümayiş etdirməyə çağırırıq", - deyə bəyanatda vurğulanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti