...

Bakıda qəzalı vəziyyətdə olduğu bildirilən binanın sakinlərinin dövlət qurumlarına qarşı qaldırdıqları iddia üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 11 Sentyabr 2008 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Yasamal rayonunun Hüseyn Cavid, Şəfayət Mehdiyev və Landau küçələrinin kəsişməsində yerləşən 546-cı məhəlləsindəki qəzalı vəziyyətdə olduğu bildirilən (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında yerləşən) binanın sakinlərinin dörd dövlət qurumuna qarşı Yasamal rayon məhkəməsində qaldırdığı iddia ilə bağlı hazırlıq iclası keçirilib.

Sakinlərin nümayəndəsi Sənan Səfərovun cümə axşamı Trend -a verdiyi məlumata görə, iddiada Nazirlər Kabinetinin 18 iyul 2008-ci il tarixlı sərəncamının ləğv edilməsi ilə yanaşı, Yasamal rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının sakinləri qanunsuz olaraq mənzillərindən çıxartmaları da göstərilib. Səfərov sakinlərin Dövlət Arxitektura Komitəsindən də məhkəməyə müraciət etdiklərini bildirib: "Sentyabrın 8-də sakinlərin iddiaları üzə Yasamal rayon məhkəməsində hazırlıq iclası keçirilib. İclasda binada heç bir işlərin aparılmaması və binaya həbsin qoyulması haqda vəsatət qaldırılıb", - deyə Səfərov bildirib.

Səfərovun sözlərinə görə, növbəti gün müşavirədən qayıdan hakim onların iddiaları ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndəriləcəyini bildirib: "Hakim bildirib ki, Nazirlər Kabinetinin sərəncamı ilə bağlı iddialara rayon məhkəmələrində baxıla bilməz. Bu səbəbdən də hakim məsələyə hansı məhkəmədə baxılması üçün qeyd olunan məhkəməyə sorğu göndərib", - deyə o əlavə edib.

Trend -un arayışı: Bu ilin iyul ayının 19-da sakinlərlə görüşən Yasamal rayonundakı 21 saylı Mənzil İstismar Sahəsinin rəisi Laçın Hacıyev Nazirlər Kabinetinin möhürü ilə təsdiqlənmiş sərəncamı sakinlərin diqqətinə çatdırıb. Sərəncamda göstərilib ki, Bakı şəhəri, Yasamal rayonu, akademik Şəfayət Mehdiyev küçəsi, 546-cı məhəllə, 17 ünvanında beşmərtəbəli yaşayış binasının təhlükəli vəziyyətdə olan mənzillərində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması üçün onların digər ünvanlarda mənzil kirayələyib müvəqqəti yerləşməsi məqsədilə 36 ailənin rayon ərazisində digər ünvanlarda yerləşməsi üçün tələb olunan 6 aylıq kirayə haqları və köçürülmə xərclərinin ödənilməsi üçün 130560 manat ayrılması nəzərdə tutulur. 1 otaqlı mənzil sahiblərinə 400 manat, 2 otaqlılar üçün 500 manat, 3 otaqlı mənzil sahibləri üçün 700 manat, habelə vətəndaşların köçürülmə xərcləri üçün 1 avtoreysə görə 120 manat vəsait ödəniləcək. Sərəncamda sakinlərin yaşadıqları binanın sökülüb-sökülməməsi və yaxud da təmiri ilə bağlı heç nə öz əksini tapmayıb.

Həmin ərəfədə sakinləri qəbul edən Baş nazirin müavini Abid Şərifov onlara binanın söküləcəyini deyib. Şərifov əvvəlcə binanın 5, 6, 7-ci bloklarının, sonrakı mərhələdə isə binanın digər 7 blokunun da söküləcəyini söyləyib. Baş nazirin müavini sakinlərə bildirib ki, gələcəkdə həmin ərazidə tikilən binada sakinlərə indiki mənzil sahələrindən 20 faiz artıq mənzillər veriləcək.

Bina 1959-cu ilin aprel ayından tikilməyə başlayıb. 1960-cı ildə isə bina istifadəyə verilib. Həmin ildən binada Bakı Dövlət Universitetinin və Milli Elmlər Akademiyasının professor, alim və dosentləri yaşamağa başlayıblar.

Bu il iyun ayının 19-da gecə saatlarında bir qrup polis əməkdaşı binaya daxil olaraq 5, 6 və 7-ci bloklarda yaşayan 40 ailəni mənzillərdən çıxarıblar. Həmin gündən qeyd olunan bloklardakı mənzillərə verilən qaz, su və elektrik enerjisi kəsilib. Binanın təxminən 40-dan artıq eyvanı sökülüb.

Avqustun 13-də Yasamal rayonu Hüseyn Cavid, Şəfayət Mehdiyev və Landau küçələrinin kəsişməsində yerləşən 546-cı məhəlləsindəki qəzalı vəziyyətdə olduğu bildirilən binanın bir qrup sakinləri keçirdikləri mətbuat konfransında binanın qəzalı vəziyyətdə olmadığını və evlərindən çıxmayacaqlarını deyiblər.

Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri avqustun 14-də Şəfayət Mehdiyev küçəsində yerləşən 546-cı məhəllədəki qəzalı vəziyyətdə olduğu bildirilən 17 saylı binanın sakinlərinin evlərindən çıxmaları barədə elan vurublar. Elanda göstərilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncami ilə sakinlərin müvəqqəti olaraq digər yerlərdə yaşaması üçün 6 aylıq kirayə pulu və əmlakın daşınması üçün müavinat ayrılıb. Elanda ayrılan müavinatların "Kapitalbank"ın 2 saylı Yasamal filialında sakinlərin adına açılan xüsusi hesaba köçürüldüyü qeyd edilib. Elanda avqust ayının 25-dək mənzillərin tam boşaldılması və ərazi üzrə 21 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəhbərliyinə məlumat verilməsi göstərilib.

Avqustun 25-də hüquqlarının pozulmalarına etiraz edən sakinlər Landau döngəsində, yolun kənarında əl-ələ tutaraq sakit aksiya keçiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti