...

Avropa Məhkəməsi parlament seçkiləri ilə bağlı Azərbaycandan göndərilən daha iki şikayət üzrə hökumətlə yazışmalara başlayıb

Cəmiyyət Materials 24 Sentyabr 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , K.Zərbalıyeva/ Avropa Məhkəməsi 2005-ci ilin parlament seçkiləri ilə bağlı Azərbaycandan göndərilən daha iki şikayət üzrə hökumətlə komunikasiyaya başlayıb.

Hüquq Maarifçiliyi Cəmiyyətindən çərşənbə günü Trend -a verilən məlumata görə, bu işlər Qulamhüseyn Əlibəylinin və Həsən Kərimovun şikayətləri ilə bağlıdır.

Əlibəyli İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 3-cü (azad seçki hüququ), Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsi ilə təminat verilən hüquqlarının pozuntusundan şikayətlənir. Əlibəyli 6 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən "Azadlıq" Siyasi Partiyalar Blokunun vahid namizədi kimi iştirak edib. 69 saylı seçki dairəsi üzrə Dairə Seçki Komissiyası 6 noyabr 2005-ci il tarixli qərarı ilə həmin dairə üzrə səsvermənin yekunlarını təsdiq edib. Həmin sənədə görə, Əlibəyli seçkilərin yekunlarına görə həmin dairədə qalib elan edilib. DSK-nın həmin qəranını Mərkəzi Seçki Komissiyası 23 noyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edərək, seçkilərin ümumi yekunları haqqında protokolunu və dairə seçki komissiyalarının protokolları onlara əlavə edilən sənədlərlə birlikdə seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsi 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyasının protokolları "Seçki Məcəlləsinin tələblərinə cavab vermədiyindən", seçkilərin nəticələrini təsdiq etməyib.

Şikayətdə həmçinin Əlibəylinin Konvensiyanın 14-cü maddəsi ilə təminat verilən ayrı-seçkiliyə məruz qalmamaq hüququnun pozuntusu mübahisələndirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü Əlibəyli bir müddət öncə partiya üzvlüyündən və tutduğu vəzifədən istefa verib. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınan Əlibıəyli їAydınlarї Partiyası yaradıb.

AXCP fəalı Həsən Kərimov isə 29 saylı seçki dairəsi üzrə 32 məntəqədən 29-nun nəticələrinə görə qalib olub.

Lakin 3 məntəqədə (30, 31, 32) əsgərlərin və məhbusların hesabına onun rəqibi Fuad Muradovun səsi 1814 səs artırılıb və nəticədə, o, Kərimovu 207 səs üstələyib.

Şikayətçi Avropa Məhkəməsinə göndərdiyi ərizəsində qeyd edib ki, bu məntəqələrdə Muradovun lehinə səs vermək üçün əsgərlərə və məhbuslara təzyiqlər edilib, müşahidəçilərə və komissiya üzvlərinə hədə-qorxu gəlinib, seçkinin nəticələri bütövlükdə saxtalaşdırılıb.

29 saylı dairədə baş verən qanunsuzluqlar barədə 2005-ci il noyabrın 8-də MSK-ya şikayət verilib. Şikayət ərizəsinə baxan MSK 2005-ci il 21 noyabr tarixli qərarla şikayətdə göstərilən məntəqələr üzrə deyil, Kərimovun üstünlük qazandığı 29 saylı Səbail seçki dairəsinin 20 və 21 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti