Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ On doqquz il öncə həyat yoldaşını qətlə yetirmiş Ağcabədi rayon sakininin məhkəməsi başlayıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend -a verilən məlumata görə, çərşənbə axşamı keçirilən prosesdə ittiham aktı elan olunub.
Tofiq Rüstəmov 1989-cu ilin mayında arvadı Ağgül Rüstəmovanı balta ilə qətlə yetirib. Anasına kömək etmək istəyən qızı Tərlan Rüstəmovaya isə balta ilə ağır bədən xəsarəti yetirib.
Bu hadisədən sonra Rüstəmov saxta sənəd düzəldərək Məmməd Kərimov adı ilə yaşayıb.
1992-ci ildə həmin adla oğurluq cinayəti etdiyi üçün 6 il azadlıqdan məhrum edilib.
Rüstəmov bu ilin martında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tətrəfindən həbs olunub.
19 ildən sonra yaşadığı kəndə gələn zaman oğlu, Rüstəmovu tanıyıb. Atasını polisə şikayət edəcəyi ilə şantaj edərək müxtəlif vaxtlarda ondan avtomobil, pul və digər qiymətli əşyalar alıb. Sonuncu dəfə atasından bahalı avtomobil tələb edib.
Rüstəmov oğlunun istəyini rədd edəndən sonra oğlu 19 il öncə törədilmiş cinayət barədə polisə məlumat verib və Rüstəmov həbs edilib.
Rüstəmov məhkəməyə verdiyi ifadəsində özünü təqsirli bilməyib. Arvadını əxlaqsız hərəkətlər etdiyi üçün öldürdüyünü və bununla da özünü müdafiə etdiyini deyib.
Rüstəmov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, qəsdən adam öldürməyə sui-qəsd və rəsmi sənədləri hazırlama, əldə etmə, gəzdirmə maddələri ilə təqsirli bilinir.
Növbəti məhkəmə prosesi oktyabrın 14-də keçiriləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]