...

Azərbaycan yığmasının baş məşqçisinin mənə belə münasibət göstərməsinin səbəbini bilmək istəyirəm – "Bakı" klubunun futbolçusu

Cəmiyyət Materials 24 Oktyabr 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir R.Ergün/ "Bakı" futbol klubunun müdafiəçisi Elvin Əliyev Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun onu millidən kənarlaşdırmasının səbəbini bilmir.

"Hər bir futbolçunun arzusudur ki, yığmada oynasın. Foqts məni Bosniya və Herseqovina, həmçinin, Andorra ilə görüşlərdə oynatdı. Baş məşqçi bu qarşılaşmalardan sonra məndən razı qaldığını bildirsə də, sonrakı oyunlarda yığmaya dəvət etmədi", cümə günü Trend -a Əliyev deyib.

Əliyev cinah müdafiəçisi mövqeyində çıxış edir. Hazırda "Bakı" klubunun üzvü olan futbolçu "Olimpik"də oynadığı dövrdə yığma komandaya dəvət olunmağa başlayıb.

Futbolçu bildirib ki, Foqts onu yığmanın Bakıda keçirdiyi dörd günlük təlim-məşq toplanışından sonra komandaya dəvət etməyib.

"Bakıda keçirdiyimiz toplanışdan sonra yığma komandaya dəvət olunmadım. Baş məşqçi məni İslandiya ilə yoldaşlıq oyununa aparmadı və səbəbini də izah etmədi. Bilmək istəyirəm ki, Foqtsun mənə belə münasibət göstərməsinin səbəbi nədir", - deyə Əliyev əlavə edib.

Foqts Əliyevi yığma komandaya çağırmadığı oyunlarda müdafiə xəttinin cinahlarında Rail Məlikov, Mahir Şükürov, Nodar Məmmədov kimi futbolçuları oynadıb. Mütəxəssislərin dediyinə görə, Foqtsun baş məşqçisi olduğu Azərbaycan yığmasının müdafiə xətti digər mövqelərə baxanda daha yaxşı çıxış edir.

Əliyevin dediyinə görə, onun yığmaya dəvət olunmaması komandanın oyununa təsir etmir: "Bunun əsas səbəbi odur ki, Azərbaycanda futbolun səviyyəsi son dərəcə aşağıdır. Bizdə yüksək səviyyəli futbolçular yoxdur. Buna görə də, mənim milliyə dəvət olunmamağım özünü hiss etdirmir".

Futbolçu Premyer-Liqa çərçivəsində - oktyabrın 26-da keçiriləcək "Bakı" - "Xəzər-Lənkəran" oyununda üzvü olduğu komandanın qələbə qazanacağını bildirib.

"Bakı "Xəzər-Lənkəran"dan güclü komandadır. Biz bunu qələbə qazanmaqla sübut edəcəyik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti