...

Azərbaycan ombudsmanı Silahlı Qüvvələrə ictimai nəzarətin həyata keçirilməsini istəyir

Cəmiyyət Materials 27 Oktyabr 2008 13:13 (UTC +04:00)
Azərbaycan ombudsmanı Silahlı Qüvvələrə ictimai nəzarətin həyata keçirilməsini istəyir

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova işgəncə və "dedovşina" hallarının qarşısını almaq üçün orduya ictimai nəzarətin həyata keçirilməsini vacib sayır.

"Hərbi hissələrə və cəzaçəkmə müəssisələrinə mütləq ictimai nəzarət həyata keçirilməlidir", - bazar ertəsi Trend -a ombudsman Elmira Süleymanova bildirib.

Trend -un arayışı: Əsgərlərin döyülməsinə dair video-çəkiliş oktyabrın 4-də internetdə yayılıb. Yayımlanan video çarxlardakı görüntülərin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən hərbi hissəsində baş verdiyi məlum olub.

Daxili Qoşunların mətbuat xidməti zabitlər Vüqar Ağayev və Eldəniz Rəhimovun sıravi əsgərləri kütləvi şəkildə döydüklərinə görə həbs edildiklərini təsdiq edib.

Faktla bağlı cinayət işi açılıb və istintaq aparılır. Hərbi hissə komandiri və onun müavini tutduqları vəzifədən azad ediliblər.

Bundan sonra internetdə hərbi hissənin tibb məntəqəsində müalicə alan əsgərlərin "dembel"lər (hərbi xidmətinin başa çatmasına az qalmış əsgər) tərəfindən döydürüldüyü barədə görüntülər yayılıb. Hadisənin bu ilin fevral ayında Müdafiə Nazirliyinin Ələtdəki hərbi hospitalda baş verdiyi bildirilir. Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Süleymanova qeyd edib ki, artıq Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinə ictimai nəzarətin həyata keçirilməsinə geniş imkan yaradıb.

"QHT-lərin təmsilçilərindən və müstəqil ekspertlərdən ibarət qrup heç bir çətinliklə rastlaşmadan cəzaçəkmə müəssisələrində monitorinqlər aparır, məhbuslarla təkbətək görüşür və Ədliyyə Nazirliyinə təkliflər verir. Artıq hərbi hissələrə daimi ictimai nəzarətin həyata keçirilməsi üçün rəsmi qərar qəbul olunmalıdır", - deyə o əlavə edib.

Süleymanova hesab edir ki, hərbi ombudsman institutunun yaradılması vacib deyil. Çünki ictimai nəzarət orqanı daha geniş tərkibli olur: "İctimai nəzarətə valideynlər, müstəqil ekspertlər, Müdafiə Nazirliyinin nümayəndələri cəlb oluna bilər".

Onun sözlərinə görə, 2008-ci il üzrə hesabatında orduya ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı təklif irəli sürüb.

"Ombudsman Aparatının mütəxəssisləri və özüm hərbi hissələrdə oluruq. Amma orduda olan mənfi halları, "dedovşina" faktlarını üzə çıxarmaq asan deyil. Heç bir nazirlik belə faktların aşkarlanmasında və təsdiqlənməsində maraqlı deyil. Amma videolentlərin nümayiş olunmasından sonra yüngül araşdırma apardıq və məlum oldu ki, bu fakt həqiqətə oxşayır. Mən Hərbi Prokurorluğa müraciət etdim. Hazırda istintaq aparılır. Mən istərdim ki, bunun nəticələri bütün hərbi hissələrdə oxunsun və hamı bilsin ki, belə hərəkətlərə yol verənlər cəzasız qalmayacaqlar, onlara nəzarət var", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti