Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir R.Ergün/ Yaxın günlərdə Azərbaycanın "Neftçi" komandasına baxışdan keçmək üçün legioner futbolçular dəvət olunacaq. Bu barədə Trend -a klubun vitse-prezidenti İlqar Quluzadə məlumat verib.
Quluzadə bildirib ki, hazırda klubun düşərgəsində Braziliyadan olan futbolçu baxışdan keçir.
"Müdafiəçi mövqeyində çıxış edən braziliyalı futbolçu komandamızda baxışdan keçir. Əvvəlcə baxışdan keçən futbolçuları isə bəyənmədik. Onlardan daha tanınmışı - Uğur Yıldırım hazır olmadığı üçün bizə lazım olmadı", Quluzadə deyib.
Bir müddət əvvəl "Neftçi"yə baxış gələn üç futbolçu - Uğur Yıldırım, Andrey Salnikov və Valeri Andronik bəyənilməyərək, geri göndərilib.
Vitse-prezident bildirib ki, Rumıniyanın "Otselul" komandasına baxışa çağırılan gürcü legioner Georgi Adamiya ilə bağlı məsələ yaxın günlərdə həll olunacaq.
"Biz Adamiyanı "Otselul"a təmənnasız buraxmayacağıq. O, hazırda "Otselul"a baxışa çağırılıb. Klub onunla müqavilə bağlasa, bizim də öz tələblərimiz olacaq", - deyə Quluzadə əlavə edib.
Hazırda hesabında 10 xalı olan "Neftçi" Premyer-Liqada 9-cu yerdədir.
Komandanın baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]