Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir A.Hüseynbala/ Bakıda keçiriləcək Dünya Azərbaycanlılarını Əlaqələndırmə Şurasının iclasında lobbiçiliyin inkişafı perspektivləri müzakirə ediləcək.
Dekabrın 17-20-də Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası üzvlərinin iştirakı ilə "Azərbaycan - Şərqin dünyaya açılan qapısı" adı altında tədbirlər keçiriləcək, çərşənbə günü Trend -a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Proqrama dekabrın 18-də Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclasının keçirilməsi də daxildir. Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Dünya Azərbaycanlılarının II Qurultayının Qətnaməsinə uyğun olaraq, qurultaydan keçən dövr ərzində görülmüş işlərlə bağlı müzakirələr aparılacaq, bundan sonqakı mərhələdə qarşıda duran vəzifələr müəyyənləşdiriləcək.
Komitənin mətbuat xidmətindən bildirilib ki, tədbir çərçivəsində "Dünya Azərbaycanlılarının Xartiyası"nın layihəsi də müzakirə ediləcək. Toplantıda həmçinin Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası Dünya Azərbaycanlılarının I Qurultayında yaradılıb. Şuranın 109 üzvü var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]