...

Futzal üzrə Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub

Cəmiyyət Materials 2 Dekabr 2008 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir R.Ergün/ Futzal üzrə Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub. Bu barədə Trend -a Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov məlumat verib.

Axundovun sözlərinə görə, braziliyalı Jose Alesio da Silva ilə 4 aylıq müqavilə imzalanıb.

"2009-cu ilin mart ayında Avropa çempionatının (AÇ) seçmə mərhələsinin oyunları keçiriləcək. Ona görə baş məşqçi ilə 4 aylıq müqavilə bağlamışıq", - deyə Axundov bildirib.

AÇ-nin seçmə mərhələsinin oyunları 2009-cu ilin mart ayının 19-22-i aralığında Portuqaliyada keçiriləcək.

Axundov bildirib ki, baş məşqçinin qarşısına AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulub.

"Bizim məqsədimiz AÇ-nin final mərhələsinə vəsiqə qazanmaqdır. Baş məşqçinin qarşısına da bu vəzifəni qoymuşuq. Bu işi bacarsa, müqavilənin müddətini daha bir il uzadacağıq", - o deyib.

AFF prezidenti milli komandanın dekabrın 15-dən etibarən məşqlərə başlayacağını bildirib: "Yeni baş məşqçi dekabrın 15-nə qədər çempionat oyunlarını izləyib, futzalçılarla tanış olacaq. Ayın 15-dən etibarən isə yığma komanda məşqlərə başlayacaq".

Axundov yanvar ayında Bakıda beynəlxalq turnirin keçiriləcəyi barədə də məlumat verib: "AÇ-nin seçmə mərhələsinə yaxşı hazırlaşmaq üçün yanvar ayında Bakı turniri təşkil etmək istəyirik. Bu məqsədlə bir neçə ölkəni Azərbaycana dəvət edəcəyik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti