...

Avropa Məhkəməsində Azərbaycana qarşı iki erməninin işinə baxılacaq (video)

Cəmiyyət Materials 11 Dekabr 2008 11:09 (UTC +04:00)
Avropa Məhkəməsində Azərbaycana qarşı iki erməninin işinə baxılacaq (video)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Avropa Məhkəməsində Azərbaycan dövlətinə qarşı 1000 şikayət araşdırılır ki, bu müraciətlərin bir qismi də Azərbaycanda yaşayan erməni əsilli vətəndaşlara məxsusdur. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev bildirib.

Hacıyev deyib ki, Avropa Məhkəməsinin gündəliyində Dağlıq Qarabağ ərazisindən məcburi köçkün düşmüş vətəndaşlarla bağlı 3 şikayət var və onlardan iksi erməni əsilli şəxslər tərəfindən Azərbaycana qarşı, Laçın rayonundan məcburi köçkün düşmüş 6 nəfərin işi isə Ermənistana qarşıdır.

Azərbaycanlı hakim bu işlərlə bağlı yekun qərarın qəbulunun uzun müddət çəkəcəyini deyib.

"Məhkəmələrin bu işlərlə bağlı qəbul etdiyi qərarlar pilot qərarlar olacaq. Bu qərarların qəbulundan sonar Avropa Məhkəməsinə bu qəbildən olan şikayətlərin sayı artacaq. Həm də bu məsələnin siyasi tərəfi də var. Ona görə də Avropa Məhkəməsi qeyd olunan şikayətlərlə bağlı məhkəmə qərarlarının qəbuluna ehtiyatla yanaşır", - deyə Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, hazırda Avropa Məhkəməsinin gündəliyində Azərbaycan dövlətinə qarşı 40 şikayət var ki, bunların da araşdırılmasına gələn il başlanılacaq.

"Azərbaycan dövlətinə qarşı olan şikayətlər əsasən mülkiyyət, məhkəmə qərarlarının icra olunmaması, ədalətli məhkəmə araşdırması, sərbəst toplaşmaq və seçki hüquqlarının pozulması ilə bağlıdır", - Hacıyev bildirib.

Hacıyev deyib ki, Avropa Məhkəməsində Azərbaycanla bağlı şikayətlərin baxılması sürətləndiriləcək. O, bunun səbəbini Avropa Məhkəməsində bu işlərə baxan hüquqşünasların sayının artırılması ilə əlaqələndirib.

Avropa Məhkəməsində indiyə qədər Azərbaycana qarşı 16 qərar qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti