...

"Ekstazi" qaçaqmalçılığında ittiham olunan Azərbaycan Konstitusiya Məhkəməsi hakiminin qohumu müstəntiqin cəzalandırılmasını istəyir

Cəmiyyət Materials 11 Dekabr 2008 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir S.Kazımlı / Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Konstitutsiya Məhkəməsi hakimi Südabə Həsənovanın qardaşı oğlu istintaqa rəhbərlik edən müstəntiqin qanun qarşısında cavab verməsini tələb edib.

Trend -un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə təqsirləndirilən Yalçın Həsənov bildirib ki, istintaqın qeyri-obyektiv aparılmasına etiraz olaraq dekabrın 5-dən aclıq aksiyası keçirir.

Həsənov məhkəmədən tələbləri icra olunmayanadək aksiyanı dayandırmayacağını deyib.

Təqsirləndirilən MTN-in müstəntiqi Kənan Əliyevin cəzalandırılmasını, həmçinin, təqsirləndirilən, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun azad olunmasını və atası ilə görüşə icazə verilməsini xahiş edib. Bildirib ki, aclıq aksiyası ölümünə səbəb olarsa, məsuliyyəti müstəntiq Əliyev daşıyır.

Prosesə sədrlik edən hakim bildirib ki, məhkəmə istintaqı zamanı müstəntiqin qanunsuz hərəkətləri müəyyən olunarsa, barəsində qərar qəbul ediləcək.

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan Bakının sabiq prokuroru Ədalət Mirsalamovun, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun və xalq artisti İlhamə Quliyevanın övladlarının da daxil olduğu 17 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi şahidlərin ifadələri ilə davam etdirilir.

Adıçəkilən şəxslər bu ilin mayında narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı saxlanılıblar və barələrində həbs qətimkan tədbiri seçilib.

Onların narkotik vasitə olan "ekstaz"ın qanunsuz dövriyyəsində günahlandırıldığı bildirilir.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206), satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1-ci) və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma(234.4.1-ci) maddələri ilə cinayət işi açılıb.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti