...

Azərbaycanın transsərhəd çaylarının çirklənmə səviyyəsi normadan artıqdır

Cəmiyyət Materials 17 Dekabr 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın transsərhəd Kür və Araz çaylarının çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dekabrın ilk ongünlüyü üçün keçirdiyi monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini dəfələrlə keçməsi müşahidə olunub. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3 dəfə, Ağstafaçayda fenollar 3, mis birləşmələri 2 dəfə, Ağstafaçay su anbarında fenol və mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini keçib.

Biogen maddələrdən ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2.4, Ağstafaçayın Qazax məntəqəsində 2.7, Ağstafaçay su anbarında 2 dəfə yol verilən qatılıq həddini keçib. Buna Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə məişət, heyvandarlıq və sənaye müəssisələri çirkab sularının axıdılması səbəb olub.

Monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz məntəqəsində yol verilən qatılıq həddindən 4, I Şahsevən məntəqəsində 3, Bəhramtəpə məntəqəsində 2, mis birləşmələri hər üç məntəqədə 3 dəfə çoxdur.

Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1.1, Bəhramtəpə məntəqəsində 1.5, I Şahsevən məntəqəsində 1.4 dəfə yol verilən qatılıq həddini keçib. Bunun da əsas səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.

Trend - un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində, regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki Konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu Konvensiyaya qoşulmaması problemi çətinləşdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti