Azərbaycan, Bakı, 13 fevral /Trend Life, müxbir Eldar Hüseynzadə/ "Qafqaz xalqlarının dostluğu haqda "Körpü" tamaşası fevralın 23-də Tbilisidə səhnəyə qoyulacaq. Bu tamaşa Azərbaycan İrəvan Dövlət teatrının böyük layihəsidir və onun Marcanişvili adına teatrdakı premyerası Xocalı faciəsinin növbəti ildönümünə həsr olunub", - Trend Life-a teatrın direktoru və tamaşanın müəllifi İftixar Piriyev məlumat verib. Tamaşanı təqdim etmək üçün Bakıdan 26-sı aktyor olmaqla 32 nəfərlik heyət yola düşəcək. Tbilisidə truppaya həmçinin gürcü aktyorlar da qoşulacaq.
Piriyev deyib ki, tamaşanın əsas məqsədi Qafqaz xalqlarının dostluq və qarşılıqlı anlaşma körpüsü qura biləcəklərini və bunun bütün dünyadakı sülhə yardımçı olacağını bir daha müzakirəyə çıxarmaqdır.
Tamaşanın müəllifi İftixar Piriyevdir. Tamaşada rejissor - xalq artisti Vaqif Əsədov, baş rəssam - Nazim Bəykişiyev, bəstəkar - əməkdar artist Cavanşir Quliyevdir. Vaicb olan məqam odur ki, tamaşada İrəvan Teatrı ilə yanaşı, Azərbaycan Dram, Gənc Tamaşaçılar və Rus Dram teatrlarının aktyorları da çıxış edəcəklər.
Gürcüstana səfər və ümumilikdə layihənin həyata keçirilməsi Açıq Cəmiyyət İnstitutunun Azərbaycan nümayəndəliyinin hesabına həyata keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]