...

Azərbaycanda uşaq problemlərindən yazan jurnalistlər mükafatlandırılıb

Cəmiyyət Materials 18 Fevral 2009 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Azərbaycanda uşaq problemlərindən yazan jurnalistlər "Gənc liderlər" Uşaq Təşkilatı tərəfindən mükafatlandırılıb.

Təşkilat çərşənbə günü Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbirdə yanvarın 15-dən fevralın 15-dək keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

Uşaq Təşkilatının sədri Fərid Şahbazov bildirib ki, müsabiqə ictimaiyyətin diqqətini uşaq hüquqlarına, onların probleminə cəlb etmək məqsədilə keçirilib.

Müsabiqə "Dağlıq Qarabağ münaqişəsi uşaqların gözü ilə", "Uşaq televiziyasının əhəmiyyəti", "Uşaq parlamentlərinin durumu", "Küçə uşaqlarının vəziyyəti", "Müəllim-şagird münasibətləri", "Uşaqlar və yol təhlükəsizliyi" və "Uşaqlar və internet təhlükəsizliyi" adlanan mövzularda keçirilib.

Müsabiqəyə təqdim olunan 13 materialın əksəriyyəti ilk üç mövzuya həsr olunub.

Məqalələr və telesüjetlər "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəmm Baxşəliyeva, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və "525-ci qəzet"in baş redaktoru Rəşid Məcidin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Televiziya süjeti nominasiyasında 1-ci yeri İctimai Televiziyanın (İTV) əməkdaşı Nicat Qafuroğlu, ikinci yeri AzTV-nin əməkdaşı Ruslan Həsənli qazanıb.

Yazılı nominasiya üzrə "Üç nöqtə" qəzetinin əməkdaşı Xalid Vahidoğlu (1 yer), "525-ci qəzet" in əməkdaşı Pərvanə Sultanova (2 yer), "Xalq Cəbhəsi" qəzetinin əməkdaşı Nuranə Tofiqli (3 yer) qalib olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti