...

Bakıda "Almanlar Azərbaycanda" adlı beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 3 Aprel 2009 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir C.Babayeva /

Bakı Slavyan Universitetində (BSU) aprelin 6-7-də "Almanlar Azərbaycanda" adlı beynəlxalq elmi-praktik konfrans və fotosərgi keçiriləcək. Tədbir almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunub.

Konfransın təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Bakı Slavyan Universiteti və Alman-Azərbaycan Cəmiyyətidir. Tədbirdə Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Moldova universitetlərindən nümayəndələr dəvət olunub. Bu barədə cümə günü Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilib. 

Konfransda "Rusiya İmperiyası, Yelenendorf məktəbi və bir ailənin tarixi", "Alman arxeoloqları Azərbaycanda", "II Dünya savaşında Türkiyədə Enterne edilən almanlar", "Cənubi Qafqazda alman koloniyalarının məskunlaşma spesifikası", "Alman hərbi əsirləri Azərbaycanda", "Azərbaycanda alman koloniyalarının yaranma tarixi ", "Xanlar-Yelenendorf-Azərbaycanda alman koloniyalarının bərpa mərhələsi", "Azərbaycanda alman mədəniyyəti elementləri" və digər mövzularda məruzələr təqdim olunacaq. Tədbir çərçivəsində qonaqlar Bakıdakı alman abidələri ilə tanış olacaq və BSU-nun Alman Tədris və Mədəniyyət Mərkəzində tələbələrlə görüş keçirəcəklər.

Aprelin 12-də konfrans iştirakçıları Göygöl (keçmiş Xanlar) rayonuna səfər edəcəklər. Onlar Göygöldəki Alman-Azərbaycan Mədəniyyət Mərkəzində (Alman Kirxası) Forer ailəsinin və bu rayonda anadan olmuş alman ailələrinin üzvləri ilə görüşəcəklər. Konfrans Göygöldəki almanların iştirakı ilə bu bölgədə davam etdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti