...

Azərbaycan ombudsmanı baş redaktorun azad edilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət edib

Cəmiyyət Materials 9 Aprel 2009 13:30 (UTC +04:00)

Azərbaycan, Bаkı, 09 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin cəzadan azad edilməsi və ya alternativ cəza növünün tətbiqi tövsiyəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

"Ombudsmanın nümayəndələri də 1 saylı istintaq təcridxanasında saxlanılan baş redaktorla görüşüblər. Mərzili vəziyyəti ilə maraqlandığına görə ombudsmana təşəkkürünü çatdırıb", - cümə axşamı Trend -a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: "Təzadlar" qəzetinin baş redaktoru aprelin 7-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə həbs olunub.

Baş redaktora və qəzetin əməkdaşı Zümrüd Məmmədovaya qarşı Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev, ABU-nun I prorektoru Hüseyn Əhmədov, ABU-nun müəllimi Eldəniz Abdullayev və Bakı şəhər Vergilər Departamentinin müfəttişi, İslam Abdullayev şərəf və ləyaqətin müdafiəsinə dair xüsusi ittiham qaydasında iddia irəli sürüb.

Məhkəmə Mərzlinin 1 il müddətinə azadlıqdan məhrum edilməsi, Məmmədovanın 6 ay müddətinə islah işləri cəzasına cəlb olunması barədə qərar qəbul edib.

İddiaçılar ABU rektoru və onun rəhbərlik etdiyi təhsil müəssisəsi barədə həqiqətəuyğun olmayan faktların və ABU-nun kafedra müdiri olmuş Mahir Abdullayevin 2003-cü ildə müəmmalı şəraitdə itkin düşməsi barədə yalnış məlumatların dərc edildiyini əsas gətirərək, cavabdehlərin Cinayət Məcəlləsinin təhqir və böhtan maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş ediblər.

Mərzili Ombudsman Aparatının nümayəndələri ilə görüşdə saxlandığı müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının ona qarşı rəftarından narazı olmadığını deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti