Azərbaycan, Bakı, 14 may / Trend , müxbir K.Zərbalıyeva /
Bakı Apellyasiya Məhkəməsi "dedovşina" faktı ilə bağlı məhkəmə hökmünü qüvvədə saxlayıb, Trend -a cümə axşamı vəkil Mirismayıl Hadi məlumat verib.
Təqsirləndirilənlər apellyasiya şikayətlərində barələrində çıxarılmış məhkəmə hökmünün dəyişdirilməsini xahiş ediblər.
Məhkəmə şikayəti təmin etməyib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Famil Qəniyevə 4 il 6 ay, Cabir Yusibova 4 il, Adil Abbasova 4 il, Rahid Cəfərov və Elxan Alməmmədovun hər birinə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.
Trend -un arayışı: Ötən ilin oktyabrında İnternetdə hərbi hissənin tibb məntəqəsində müalicə alan əsgərlərin "dembel"lər (hərbi xidmətinin başa çatmasına az qalmış əsgər) tərəfindən döyüldüyü ilə bağlı görüntülər yayılıb. Hadisənin ötən ilin fevral ayında Müdafiə Nazirliyinin Ələtdəki hərbi hospitalında baş verdiyi bildirilir.
Bu məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332) maddəsi ilə cinayət işi açılmış və istintaq aparılmışdı.
İş üzrə 5 zərərçəkmiş məlum olub, onlardan dördü şikayətini geri götürüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]