Azərbaycan, Bakı, 27 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan Ali Məhkəməsi Əbu Bəkr məscidinin fəaliyyətini davam etdirməsinə icazə verməyib.
Çərşənbə günü Ali Məhkəmə Nərimanov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb, Trend -a Nərimanov rayon Dndarları Dini İcmasının nümayəndəsi, vəkil Cavanşir Süleymanov bildirib.
Trend -un arayışı: Bakının Nərimanov rayon məhkəməsi Nərimanov rayon Dindarları Dini İcmasının Polis İdarəsinə qarşı qaldırdığı iddia üzrə ötən il oktyabrın 27-də Əbu Bəkr məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib.
Nərimanov rayon Polis İdarəsi Əbu Bəkr məscidində təxribatlar törədilməsi barədə məlumatların olmasını əsas gətirərək, məscidin fəaliyyəti ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edib. Bundan sonra məhkəmə yenidən məscidin fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb.
Süleymanov bildirib ki, Ali Məhkəmənin qərarından Ali Məhkəmənin Plenumuna və Konstitutsiya Məhkəməsinə şikayət veriləcək.
Vəkilin sözlərinə görə, bu iş üzrə ölkə daxilində obyektiv qərar çıxarılmazsa, İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət ediləcək.
Trend -un arayışı: 2008-ci il avqustun 17-də saat 20:50 radələrində Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən Nərimanov rayon dindarlarının Dini İcmasının fəaliyyət göstərdiyi Əbu Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib. Məlum hadisədən sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılmışdı. Bu terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]