...

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarına buraxılış vərəqələrinin verilmə tarixləri elan olunub

Cəmiyyət Materials 29 İyun 2009 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir C.Babayeva /

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bazar ertəsi 2009/2010-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə qəbul imtahanlarına buraxılış vərəqələrinin verilmə tarixlərini elan edib.

III ixtisas qrupu abituriyentləri buraxılış vərəqələrini iyunun 29-dan iyulun 4-dək "İmtahana buraxılış vərəqəsi" və "Elektron ərizə"lərini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından əldə edə bilərlər. Bu qrup üzrə mülki ali məktəblərə, Azərbaycan Rerspublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul imtahanı iyulun 5-də keçiriləcək.

I ixtisas qrupu abituriyentləri iyulun 6-dan iyulun 11-dək "İmtahana buraxılış vərəqəsi"və "Elektron ərizə"lərini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından əldə edə bilərlər. I ixtisas qrupu üzrə mülki ali məktəblərə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəblərinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və Bakı Yanğın-Texniki Məktəbinə qəbul imtahanı iyulun 12-də keçiriləcək.

IV ixtisas qrupu abituriyentləri iyulun 13-dən iyulun 17-dək "İmtahana buraxılış vərəqəsi" və "Elektron ərizə"lərini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından əldə edə bilərlər. Bu ixtisas qrupu üzrə mülki ali məktəblərə, Hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı iyulun 18-də keçiriləcək.

II ixtisas qrupu abituriyentləri iyulun 20-dən iyulun 23-dək "İmtahana buraxılış vərəqəsi" və "Elektron ərizə"lərini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından əldə edə bilərlər. II ixtisas qrupu üzrə mülki ali məktəblərə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul imtahanı iyulun 24-də keçiriləcək.

TQDK orta məktəblərin builki məzunlarının nəzərinə çatdırır ki, onlar attestat aldıqdan dərhal sonra mütləq internet vasitəsilə "Elektron ərizə"lərinə daxil olub attestat qiymətlərini qeyd etməlidirlər.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni almaq üçün Sənəd Qəbulu Komissiyasına şəxsiyyət vəsiqəsini, ödəmə kartını və SQK tərəfindən təsdiq olunmuş "Elektron ərizəsi"nin kağız formasını təqdim etməlidirlər. Cari ilin məzunları qeyd olunan sənədlərlə yanaşı, "İmtahana buraxılış vərəqəsi"ni almaq üçün Sənəd Qəbulu Komissiyasına orta təhsil haqqında sənədin əslini (attestat) təqdim etməlidirlər. Orta təhsil haqqında sənədin əslini (attestat) təqdim etməyən builki məzunlara "İmtahana buraxılış vərəqəsi" verilməyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti