...

QMİ rəhbəri məscidlərin sökülməsində məmurları günahlandırıb

Cəmiyyət Materials 12 Avqust 2009 15:59 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə hesab edir ki, qanunsuz tikilmiş məscidlərin sökülməsində təqsirkar məmurlardır.
QMİ rəhbəri məscidlərin sökülməsində məmurları günahlandırıb

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir C.Babayeva /

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə hesab edir ki, qanunsuz tikilmiş məscidlərin sökülməsində təqsirkar məmurlardır.

"Qanunsuz tikilmiş məscidlərin fəaliyyəti yolverilməzdir, məmurlar belə ibadət evlərinin qanuniləşdirilməsi üçün hər bir şəraiti yaratmalıdırlar. Məscidlər yox, bu proses üçün şərait yaratmayan məmurlar cəzalanmalıdır", - Paşazadə çərşənbə günü QMİ-nin 12-ci qurultayında deyib.

QMİ rəhbəri Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) bu məsələyə dəstəklə bağlı müraciət edib.

Apreldə Bakıda "Peyğəmbərimiz Məhəmməd məscidi" yerli icra hakimiyyəti tərəfindən qanunsuz tikili elan edilərək sökülüb.

Yasamal rayon məhkəməsi keçən ilin 28 noyabrında Yasamal Rayon İcra Hakimiyətinin müraciəti əsasında M.Muxtarov, 190 ünvanında yerləşən məscidin sökülməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin qərarı göstərilən ünvan üzrə "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi"nin tikilməsi ilə əsaslandırılıb.

"Azərbaycanda qanunla icazə verilmiş heç bir məscid sökülməyib, qanunsuz tikililər dağıdılıb, - DQİDK sədri Hidayət Orucov deyib. - Məscidlər müqəddəs yerlərdir və buna görə də onlar qanuna əsasən tikilməlidirlər".

Orucov din xadimlərini bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb. "Dini etiqad azadlığı" haqqında qanuna daxil edilmiş əlavə və dəyişikliklərdə məscidlərin inşası, təmiri və bərpası tələbləri əks olunub", - DQİDK sədri deyib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də "Dini etiqad azadlığı" haqqında qanuna əlavə və dəyişikliklərin tətbiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, din xadimləri - ibadət etmək üçün yerlərin rəhbərləri müvafiq icra hakimiyyəti ilə razılaşdırılmaqla QMİ tərəfindən təyin olunacaqlar. İslam dini ilə bağlı tədbirlər yalnız respublikada dini təhsil almış Azərbaycan vətəndaşlarının rəhbərliyi altında keçirilə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti