Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanın təhsil naziri ümumtəhsil və ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələrin təhlükəsizliyinə təminat verir.
"Bütün təhsil müəssisələri dövlət tərəfindən mühafizə olunacaq. Biz ölkənin hüquq-mühafizə orqanları ilə sıx münasibətlər qurmuşuq və ümid edirəm ki, qarşıdakı təhsil ilində təhlükəsizliklə bağlı problemimiz olmayacaq", - cümə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
"Nə Təhsil Nazirliyi, nə də dövlət Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin təkrarlanmasını istəmir", - nazir bildirib. "Valideynləri əmin edə bilərəm ki, onların övladlarının təhlükəsizliyinə dövlət təminat verir. Təhlükəsizlik həm dövlət, həm də özəl təhsil müəssisələrində təmin ediləcək", - Mərdanov qeyd edib.
Nazir dövlət tərəfindən təhlükəsizlik üçün ayrılan konkret məbləği açıqlamayıb, "çünki ölkədə yeddi minə yaxın təhsil müəssisəsi var".
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı baş verib. 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb.