Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Bakı Apellyasiya Məhkəməsi həbsdə olan gənclərin apellyasiya şikayətini təmin etməyib.
Vəkil İsaxan Aşurov cümə günü Trend -a bildirib ki, Səbayıl Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Həbsdə olan gənclər Adnan Hacızadə və Emin Milli Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun onların işi ilə bağlı yaydığı rəsmi məlumatda təqsirsizlik prezumsiyasının pozulduğunu bildirərək məhkəməyə iddia ilə müraciət ediblər. Lakin Səbayıl Rayon Məhkəməsi Hacızadə və Millinin iddiasını təmin etməyib.
Trend -un arayışı: Rəsmi məlumata görə, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Milli (Abdullayev) və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsas səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.
Gənclər Cinayət Məcəlləsinin xuliqanlıq (221.2.1) və qəsdən sağlamlığa az ağır zərər vurma (127) maddələri ilə ittiham olunurlar.
Vəkil bildirib ki, məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət veriləcək.
Gənclər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]