Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir K.Zərbalıyeva / Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 79,9 min nikah bağlanıb, 7,9 min boşanma qeydə alınıb. Boşanan ailələrin əksəriyyətində uşaqlar maddi və mənəvi sıxıntılar içərisində böyüyür. Boşanan ailələrdə məhkəmənin müəyyən etdiyi alimentlərin ödənilməsi həlli artıq müşkül bir problemə çevrilib. Bu problemin doğurduğu acı nəticələr uşaqların məsum həyatında silinməz izlər qoymaqla yanaşı, cəmiyyətə də təsirsiz ötüşmür.
Cari ilin 6 ayında Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin icraatında alimentlə bağlı 22 min 268 iş olub ki, bu da, icraatdakı işlərin 36-37 faizini təşkil edib. İcraatda olan işlərdən 1636-sının icrası tam təmin olunub. Təmin olunan işlər sırasına uşağın 18 yaşına çatması, alimentdən imtina və razılaşma nəticəsində həllini tapmış işlər də daxildir.
Hazırda İdarənin icraatında alimentlə bağlı 20 min 634 məhkəmə qərarı var.
İdarənin rəisi Xanlar Zeynalov çərşənbə axşamı Trend -a bildirib ki, ötən illə müqayisədə alimentlə bağlı icraya verilən işlərin sayı artıb.
Ötən 6 ayda aliment verməkdən boyun qaçıran 219 nəfər haqqında məhkəmələrə inzibati protokol göndərilib, onlardan 184-ü təmin olunub, 17-si məhkəmələrin icraatındadır, 18-i isə təmin olunmayıb.
Alimenti ödəməkdən boyun qaçıran 91 nəfər haqqında materiallar polisə və digər orqanlara göndərilib və 37 nəfər Cinayət Məcəlləsinin uşaqlara kömək göstərmədən qərəzli boyun qaçırma (176-cı) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub.
Nazirlik rəsmisi deyir ki, alimentlə bağlı məhkəmə qərarlarının icrası zamanı ortaya çıxan problemlər alimenti verən şəxsin işləməməsi, əlavə gəlir mənbəyinin olmaması, işləməkdən boyun qaçırması səbəbindən yaranır. İdarə işsiz şəxslərin işlə təmin olunması və qərarın icra olunması məqsədilə məşğulluq mərkəzlərinə müraciət edir. Zeynalov bildirib ki, bəzi hallarda həmin vətəndaşların işlə təmin edilməsinə nail olurlar.
Ailə Məcəlləsinə görə, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə aliment ödənilməsi üçün saziş bağlamaq hüququna malikdilər. Aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur. Alimentin məbləğini isə qanunvericilik aşağıdakı kimi müəyyən edir. Bir uşağa görə, qazancın və ya valideynərin başqa gəlirlərinin dördən biri, 2 uşağa görə üçdən biri, 3 və daha çox uşağa görə qazancın yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyət, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Əgər valideynlər arasında aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, məhkəmə uşaqların saxlanması üçün sabit pul məbləği də müəyyən edə bilər.
Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlaıması əsas tutularaq müəyyən edilir.
Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə" qərarı ilə işləyənlərin və ya başqa formalarda rəsmi gəlir əldə edənlərin hansı gəlirlərindən aliment tutulması müəyyənləşdirilib.
Ötən il məhkəmələrdə alimentin ödənilməsi tələbi ilə bağlı 2025 işə baxılıb. Onlardan 661-i alimentin məbləğinin artırılması ilə bağlıdır.
Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev isə Trend -a bildirib ki, məhkəmələrdə alimentlə bağlı iddialar elə də çoxluq təşkil etmir. Bu sahədə məhkəmə təcrübəsini qənaətbəxş hesab edən hakim deyib ki, alimentlə bağlı işlərə baxarkən əsas problem cavabdehin faktiki işsiz olduğu halda əlavə gəlirlərinin olması və bunu məhkəmədən gizlətdiyi zaman yaranır.
"Cavabdeh işləmir, amma iddiaçı tərəf bildirir ki, cavabdehin əlavə obyektləri var. Proses zamanı tərəf bunu sübuta yetirə bilmir. Yoxlama zamanı da məlum olur ki, obyektlərin hec biri cavabdehin adına deyil", - deyə Mirzəliyev bildirib.
Ali Məhkəmə hakimi deyir ki, əvvəlki illərlə müqayisədə məhkəmələrə sabit pul məbləğində alimentin kəsilməsi ilə bağlı müraciətlər artıb.
"Cavabdehin əmək haqqının məbləği sabit olmadığı halda, qanun sabit pul məbləği müəyyən etməyə icazə verir. Məbləğ cavabdehin əmlak vəziyyətindən asılı olur və qanunla qazancın dördən biri miqdarında müəyyən olunur. Ailə vəziyyətində dəyişiklik yarananda alimentin məbləğinə yenidən baxıla bilər", - deyə hakim bildirib.
Mirzəliyev əsas problemin alimentlə bağlı məhkəmə qərarlarının icrası zamanı meydana gəldiyini deyir. "Əsas problem icra zamanı yaranır. İcranı həyata keçirən qurum araşdırma aparıb problemin həlli üçün konkret təkliflər hazırlamalıdır", - deyə Mirzəliyev bildirib.
Hakimin sözlərinə görə, cavabdehin yerini müəyyənləşdirmək mümkün olmadığı halda, dövlət cavabdehin əvəzinə alimenti ödəyir və sonradan həmin adam tapılanda dövlət həmin məbləği cavabdehdən geri alır.
Mirzəliyev cavabdehin işsiz olması səbəbindən alimenti ödəməməyə görə ataya haqq qazandırmır.
"Valideyn uşağı dünyaya gətirirsə, qayğısına da qalmalıdır. Ata qanuni yolla qazanc əldə etməlidir və uşağını saxlamalıdır. Duzdu, işsizlik problemi var. Dövlət də bu problemin həllinə çalışır, yeni iş yerləri açır. Aztəminatlı ailələrin müdafiəsi ilə bağlı tədbirlər görür. Lakin bu, ataya uşağını saxlamaqdan imtinaya haqq qazandırmır. Əgər ata fiziki cəhətdən sağlamdırsa, işləyib alimenti verməlidir. İndi sərbəst iş yerləri var. Daş daşı, uşağını saxla. Sadəcə buna istək lazımdır", - Mirzəliyev deyib.
Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Novella Cəfəroğlu alimentin ödənilməməsinin artıq sosial bir problem olduğu qənaətindədir. Onun fikrincə, alimentlə bağlı məhkəmə qərarlarının icrasını həyata keçirməli olan qurum problemin həllində gücsüz olmaqla bərabər, həm də maraqlı deyil.
Hüquq müdafiəçisi Trend -a deyib ki, təcrübədə ərin oz iş yerini, gəlirlərini gizlətməsi, alimenti ödəməyə maddi imkanının olduğu halda ödəməkdən boyun qaçırması, yaxud da onun Azərbaycandan kənarda olması səbəbindən bu sahədəki məhkəmə qərarları icra olunmur. Onun fikrincə, alimentin ödənilməsini dövlət öz üzərinə götürməlidir.
"Xarici ölkələrin təcrübəsində bu hal çox geniş yayılıb. Dövlət cavabdehin əvəzinə alimenti ödəyir, sonra isə ödədiyi məbləği cavabdehdən geri alır. Atasının işləməməsi, ya da ölkədə olmaması uşağın günahı deyil. Problemin aradan qaldırılmasının ağırlığını dövlət öz üzərinə götürməlidir. Əgər bu təcrübə Azərbaycanda da tətbiq olunarsa, problem həll olunacaq", - deyə Komitə sədri vurğulayıb.
Cəfəroğlu həmçinin alimentin sabit məbləğinin müəyyənləşdirməsinin tərəfdarıdır.
"Dövlət bir uşağın 18 yaşa qədər bütün xərclərini hesablamalı, onun istehlak səbətini müəyyənləşdirməlidir. Bunun əsasında alimentin minimum məbləği müəyyənləşdirilməlidir.",- hüquq müdafiəçisi deyib.
Vəkil Qurban Məmmədov isə hesab edir ki, alimentlə bağlı məhkəmə qəraralarının icra olunmamasının əsas səbəbi işsizlikdir: "Aliment ödəyicilərinin çoxu işsiz olduqları üçün, kəsilmiş alimenti nəğd olaraq, həm də təsadüfi qazanc hesabına ödəməli olurlar. Bu da təbii ki, müəyyən problemlər yaradır. Burada iki hal müşahidə olunur. Bir, aliment ödəyicisi iş tapa bilmir və alimentin ödənilməsində obyektiv səbəblərdən fasilələr yaranır. İki, aliment ödəyicisi qəsdlə qazancını gizlədir və aliment ödəməkdən şüurlu şəkildə yayınmağa çalışır. İkinci halın sübut edilməsi məhkəmə icraçıları üçün çətindir (bu məqsədlə qanunvericilik səviyyəsində icraşılara səlahiyyət və vəsait verilməlidir), maraqlı tərəfin sübut etməsi üçün xeyli vəsait və vaxt tələb edilir".
Məmmədovun fikrincə, məhkəmələr alimentin məbləğini müəyyən edərkən "qanun qarşısında hamının bərabərliyi prinsipi"ni pozurlar: "Məsələn, işləməyən valideynlərin birindən 20, digərindən ən azı 69 manat, bir digərindən isə 100 və ya 150 manat tutulur. Başqa sözlə, alimentin məbləği ilə bağlı fərqlər bütün hakimlərin qətnamələrində var. Bunun bir səbəbi hakimlərin subyektivliyidirsə, digər bir səbəbi də, qanunvericinin bu məsələdə mövqeyinin birmənalı və dəqiq olmamasıdır".
Hüquqşünas deyir ki, qanuna görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər və bu müddəanın olması qərar qəbul etmə prosesində hakimə özünün subyektiv fikirlərinə istinad etmək imkanı verir və bununla da qeyri-bərabərliyin əsası qoyulur: "Ya qanunverici, ya da Ali Məhkəmə "ailə və maddi vəziyyət, diqqətəlayiq olan başqa hallar"ın dəqiq dairəsini müəyyənləşdirməlidir. President-hüququnun tətbiq edilməsi də bu problemlərin (ayrı-seçkiliyin, fərqli məbləğlərin) həllinə yardım edə bilər".
Vəkil bu qənaətdədir ki, qanunverici uşaqların normal inkişafını təmin edə bilmək üçün alimentin minimum məbləğini mütləq müəyyən etməlidir. Məmmədov da aliment məsələsində dövlətin mütləq iştirakının tərəfdarıdır: "Məncə, dövlət alimentin minimum həddini müəyyən etməli, onu ehtiyacı olan uşağa ödəməlidir, yalnız bundan sonra aliment öhdəliyi olan tərəfdən oz xərclərini tələb etməlidir. Heç bir halda uşaq valideynlərinin insafına buraxılmamalıdır".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin əməkdaşı Taliyə İbrahimova problemin sosial problemə çevrildiyini deyir.
Onun Trend -a bildirdiyinə görə, bu problemlə bağlı Komitəyə kifayət qədər şikayət daxil olub. Şikayətlər isə məhkəmə qətnaməsinin icra olunmaması və cavabdehin alimenti ödəməkdən yayınması ilə bağlıdır.
"Komitəyə alimentlə bağlı məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 2007-də 37, 2008-də 62, bu ilin 6 ayında 75 müraciət daxil olub. Belə müraciətlər ilbəil artır", - deyə İbrahimova vurğulayıb.
Komitə əməkdaşı problemin həlli məqsədilə Ailə Məcəlləsinə müvafiq təkliflər hazırlandığını və yaxın gələcəkdə Milli Məclisə təqdim olunacağını deyib. Onun sözlərinə görə, Komitə alimentin minimum məbləğinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparır. Təkliflərdən biri də alimentin minimum məbləğinin müəyyən edilməsidir.
Komitə həmçinin Aliment Fondunun yaradılmasını da təklif edir. "Fond vasitəsilə uşaqlar dövlətin hesabına təmin olunacaq. Cavabdeh şəxs dövlətə borclu qalacaq və sonradan borcunu dövlətə ödəyəcək. Xarici ölkələrdə bu institut var və özünü doğruldub", - İbrahimova deyib.
O, Fondun yaradılması məsələsinin iqtisadi böhran səbəbindən qısa zamanda həll olunacağını real saymır. İbrahimova alimenti ödəməyən şəxslərin cəzalarının ağırlaşdırılmasını problemin çözüm yollarından biri kimi görür: "Bu, aliment verməkdən qəsdən yayınanlar barəsində nəzərdə tututla bilər".
İbrahimova bəzi ölkələrdə aliment ödəməkdən boyun qaçıran şəxslərə alternativ cəza tədbirlərinin də tətbiq olunduğunu diqqətə çatdırıb və bunun Azərbaycanda tətbiqini mümkün sayır: "Rusiyada cavabdehin telefonuna mobil opertor tərəfindən alimentin ödənilməsi barədə tez-tez xəbərdarlıq olunur, bəzi ölkələrdə aliment ödəməyən şəxsin sürücülük vəsiqəsi alınır".
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli alimentin ödənilməsi ilə bağlı yaranan problemin ciddiliyini nəzərə alaraq, məsələnin müzakirədə olduğunu və Komitədə bununla bağlı araşdırmalar aparıldığını bildirib.
Komitə sədri Trend -a bildirib ki, Ailə Məcəlləsinə alimentin mülkiyyətə yönəldilməsi ilə bağlı təklif verilib.
"Bir sıra ölkələrin təcrübəsində bu tətbiq olunur. Məsələn, Rusiyanın bu sahədə təcrübəsindən yararlanmaq mümkündür. Rusiyada aliment ödənmədikdə, qərarın icrası cavabdehin əmlakına yönəldirlir. Həmçinin Rusiyada aliment verən şəxsin ölkədən çıxmasına icazə verilmir", - deyə rəcəbli vurğulayıb.
Rəcəbli alimentin minimum məbləğinin minimum əmək haqqına uyğunlaşdırılması təklifinin də müzakirə olunduğunu deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Azərbaycanda alimentin ödənilməməsi sosial problemə çevrilib - ARAŞDIRMA
Cari ilin 6 ayında Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin icraatında alimentlə bağlı 22 min 268 iş olub ki, bu da, icraatdakı işlərin 36-37 faizini təşkil edib. İcraatda olan işlərdən 1636-sının icrası tam təmin olunub. Təmin olunan işlər sırasına uşağın 18 yaşına çatması, alimentdən imtina və razılaşma nəticəsində həllini tapmış işlər də daxildir.
Hazırda İdarənin icraatında alimentlə bağlı 20 min 634 məhkəmə qərarı var.