Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanın "Ekoloji Qayğı" İctimai Birliyi və Milli Elmlər Akademiyasının alimləri Ermənistanı ölkənin işğal olunmuş ərazilərində ekoloji terroru dayandırmağa çağırır.
İctimai Birlik cümə günü "Ermənistanın Azərbaycana təcavüzü zamanı ölkənin hidrobiloji mühitinə dəyən zərərin ekoloji qiymətləndirilməsi" layihəsinin nəticələrini təqdim edib. Layihə çərçivəsində Azərbaycanın Ermənistanla sərhəd rayonlarının hidrosferası öyrənilib və hidrobioloji mühitinə dəyən zərərlə bağlı ekoloji qiymətləndirmə aparılıb. Layihə AMEA-nın zoologiya, coğrafiya, mikrobiologiya və torpaqşünaslıq institutlarının alimləri ilə birgə həyata keçirilib.
AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov bildirib ki, mənbələri Ermənistanın işğalı altında olan ərazilərdə olan Azərbaycan çaylarının nəinki məişətdə, həmçinin kənd təsərrüfatında istifadə edilməsi olduqca təhlükəlidir.
"Araz çayı üzərində eyniadlı su anbarının çirklənməsinin əsas səbəbi Ermənistanın bütün çirkab sularının birbaşa Araz çayına axıtmasıdır. Ağstafa çayı və onun üzərində yaradılmış eyniadlı su anbarının da Ermənistanın Dilican və İcevan sənaye mərkəzlərindən və yaşayış məntəqələrindən axıdılan tullantılarla ciddi surətdə çirklənməsi və çirkləndiricilərin ildən-ilə artnması müşahidə olunur", - Salmanov deyib.
AMEA-nın Zoologiya İnstitutunun su heyvanlarının biologiyası şöbəsinin müdiri, biologiya elmləri doktoru Zülfüqar Quliyev bildirib ki, Azərbaycanın Ermənistanla həmsərhəd zonasında yerləşən və ölkənin balıqçılıq təsərrüfatının inkişafında mühüm rol oynayan su hövzələri 20 ilə yaxındır ki, intensiv çirklənməyə məruz qalır. "Çirklənmə nəticəsində su heyvanlarının endemik növlərinin ciddi azalması müşahidə olunur. Məhv olma ilə üzləşmiş bəzi növlər artıq "Qırmızı Kitaba" salınmaq üzrədir", - Quliyev deyib.
Alimlərin fikrincə, Ermənistanın Azərbaycanın işğal altında olan torqarlarını və su hövzələrini mütəmadi çirkləndirməsi nəticəsində 100 illər ərzində əmələ gələn torpağın münbit qatı məhv edilib və yaxud məhv olmaq təhlükəsi altındadır, hidrobioloji mühit ekoloji böhran həddinə çatıb.
Azərbaycanın "Ekoloji Qayğı" İctimai Birliyi və alimləri beynəlxalq ictimaiyyəti, ekoloji təşkilatları və ictimai təşkilatları Ermənistanın Azərbaycan təbiətinin bioloji müxtəlifliyinə soyqırım siyasətini, ətraf mühitin məhvinə yönəlmiş fəaliyyətini pisləməyə çağırıb.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]