Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir F.Hüseynli/
Azərbaycanda hakimi təhqir edən baş məşqçi iki il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Trend -un məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyinin göstərişi ilə bu gün İntizam Komitəsinin təcili iclası keçirilib. Qurumun baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də iştirak etdiyi iclasda 25 sentyabr 2009-cu il tarixində XVIII UniBank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun "Xəzər-Lənkəran" - "Muğan" matçında baş verənlər müzakirə olunub.
Qarşılaşmanın 51-ci dəqiqəsində "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Fazil Əsədov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Bundan sonra baş məşqçi azarkeşlər olan tribunada əyləşib, təxribat xarakterli hərəkətlərə əl atıb və azarkeşləri hakimə qarşı yönəldib. Bu səbəbdən də oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq (baş məşqçi azarkeşlər arasında olub) hakimə fiziki təsir göstərib. Yuxarıda göstərilənləri nəzərə alaraq, "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Fazil Əsədov 2 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb, klub isə 2000 manat cərimə olunub.
Oyundan sonra stadionda kütləvi nizam-intizamsızlıq baş verib, "Xəzər-Lənkəran" klubunun azarkeşləri meydana daxil olaraq, hakimlərə fiziki təsir göstərib. Stadionda təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi növbəti oyununu azarkeşsiz keçirəcək və klub 4000 manat cərimə olunub.
Qeyd olunan hadisə ilə bağlı qarşıdakı matçlarda oxşar halların baş verməməsi və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məktub göndəriləcək. Oxşar hadisə baş verəcəyi təqdirdə, kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Oyunda AFFA , PFL və Respect bayraqları olmadığı üçüm meydan sahibi 500 manat cərimə olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]