...

Narkomaniyaya qarşı müharibə elan olunmalıdır - azərbaycanlı deputat

Cəmiyyət Materials 18 Noyabr 2009 13:07 (UTC +04:00)
Azərbaycan Jurnalist Qadınlar Assosiyasiyasının çərşənbə günü təşkil etdiyi "Narkomaniyanın genefondumuza təsiri: xarici və yerli təcrübələrin öyrənilməsi" mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edən millət vəkili Qənirə Paşayeva narkomaniya problemi ilə mübarizədə yanlış istiqamət seçildiyi qənaətindədir.
Narkomaniyaya qarşı müharibə elan olunmalıdır - azərbaycanlı deputat

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanlı millət vəkili hesab edir ki, narkomaniyaya qarşı müharibə elan olunmalıdır.

Azərbaycan Jurnalist Qadınlar Assosiyasiyasının və "Gazelli" beynəlxalq MMC-nin çərşənbə günü təşkil etdiyi "Narkomaniyanın genefondumuza təsiri: xarici və yerli təcrübələrin öyrənilməsi" mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edən millət vəkili Qənirə Paşayeva narkomaniya problemi ilə mübarizədə yanlış istiqamət seçildiyi qənaətindədir.

""Narkomaniyaya yox deyək" deməklə bu problemlə mübarizə aparmaq mümkün deyil. Narkomaniyadan əldə olunan gəlirlər çox böyükdür. Bizimlə müharbə aparan qüvvələr çox güclüdür. Biz narkomaniyaya qarşı mübarizədən müharibəyə keçməliyik. Bu sahədə həyata keçirdiyimiz tədbirlər qısamüddətli kampaniya xarakteri daşımamalıdır", - deyə millət vəkili vurğulayıb.

Paşayeva bildirib ki, gənc nəslə narkomafiyaların narkodillerlər vasitəsilə necə tora salınmaları izah olunmalıdır. Narkomaniyanın universitetlərimizə, məktəblərimizə ayaq açmasından narahatlıq bildirən millət vəkili Azərbaycanda ağır tərkibli narkotiklərdən - müxtəlif həblərdən, heroindən istifadə hallarının artdığını deyib.

Paşayeva hesab edir ki, problemlə mübarizədə uğurlu nəticə əldə etmək üçün ilk növbədə mübarizənin mexanizm və metodları hazırlanmalı və tətbiq olunmalıdır.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda narkomaniya ilə bağlı son 5 ilin statistikası narkomanların sayının artdığnı və cavanlaşdığını göstərir.

"Bu, cəmiyyət üçün çox ciddi SOS-dur", - deyə Paşayeva vurğulayıb.

Millət vəkili problemlə mübarizədə ailənin, məktəbin, medianın, cəmiyyətin hər bir üzvünün rolunu vacib sayır və hesab edir ki, narkomaniyanın doğurduğu ağır fəsadları, faciələri cəmiyyətə çatdırmaq üçün sosial çarxlar çəkilməli, xarici ölkələrdə çəkilmiş video çarxlar azərbaycan dilinə tərcümə edilib nümayiş olunmalıdır.

Həmçinin ailələr arasında narkomaniyanın əlamətləri ilə bağlı maarifləndirmə işləri aparılmalıdır.

"Gənclərimiz narkoişbazların çox gözəl qurduğu tələlərin qurbanı olur. İlk olaraq narkotika gənclərə pulsuz paylanılır. Onların narkotikdən asılılığı yaranandan sonra, ailəsini çox sevən şəxs belə narkotika üçün hər bir cinayətə, faciəyə getməyə hazır olur", - deyə millət vəkili bildirib.

Paşayeva cəmiyyətdə narkomanlara baxışın dəyişməsini, onlara cinayətkar kimi deyil, xəstə kimi yanaşmanı vacib sayır.

O, narkodospanserlərin işinə yenidən baxılmasını, müalicəyə xüsusi diqqət yetirilməsini, müalicənin pulsuz aparılmasını vacib sayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova narkomaniya probleminə qarşı mübarizənin ailədən başlanmasını vacib sayır.

Komitə rəsmisi son illərdə Azərbaycanda siqaret çəkən qadınların sayının artmasından narahatlıq bildirib və ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasını nəzərdə tutan qanunun qəbuluna ehtiyac olduğunu deyib.

Millət vəkili Gövhər Baxşəliyeva hesab edir ki, narkotiklərin alqı-satqısı, yayılması ilə məşğul olan şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev Azərbaycanda qeydiyyata alınan 18 min narkomanın 85 faizinin heroin istifadəçisi olduğunu deyib.

İşçi Qrupunun rəhbəri Azərbaycanda narkomaniya ilə bağlı real vəziyyətin qiymətləndirilmədiyini vurğulayıb.

"İndiyədək bu sahədəki vəziyyət qiymətləndirilməyib. Bu sahədə heç kim təhqiqat aparmayıb. Statistik rəqəmlər real vəziyyəti qiymətləndirmək üçün əsas deyil. Reallıq daha ciddi narahatlıq doğurur , - deyə Əliquliyev vurğulayıb.

Əliquliyev narkomanların müalicəsi işini aparan kadr çatışmazlığından da şikayətlənib. Onun sözlərinə görə, həkim-narkoloq, tibbi psixoloq, sosial işçilər çatışmır, həmçinin bu sahədə iş aparan qeyri-hökumət təşkilatları da yox dərəcəsindədir.

Konfransda Azərbaycan Jurnalist Qadınlar Assosiyasiyasının hazırladığı "Genefondumuzu qoruyaq" adlı sosial video-çarx nümayiş olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti