...

Dövlət Sosial Müdafiə Fondunda Avropa İqtisadi və Sosial Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Cəmiyyət Materials 23 Noyabr 2009 14:47 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycanda səfərdə olan Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) nümayəndə heyəti ilə görüş keçirilib, bazar ertəsi Trend News-a fondun ictimaiyyətlə əlaqə sektorundan məlumat verilib.
Dövlət Sosial Müdafiə Fondunda Avropa İqtisadi və Sosial Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir M.Əliyev/

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycanda səfərdə olan Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) nümayəndə heyəti ilə görüş keçirilib, bazar ertəsi Trend -a fondun ictimaiyyətlə əlaqə sektorundan məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə AİSK-in məruzəçisi, Polşa Solidarnost Həmkərlar Təşkilatının beynəlxalq katibi Andrzej Adamczyk, AİSK-in işçi qrupunun rəhbəri, Rumıniya Sənayeçilər Baş Konfederasiyasının icraçı sədri Marius Eugen Opran, AİSK-in üzvü, Polşa İstehlakçılar Federasiyasının beynəlxalq işlər bölümünün rəhbəri xanım Elzbieta Szardzinska və AİSK-in Xarici münasibətlər bölməsinin katibliyinin əməkdaşları daxildir.

Fondun sədri Səlim Müslümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən inkişaf strategiyası nəticəsində ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli qurulub. Bu modelin əsas tərkib hissəsi olan sığorta-pensiya sistemi 2009-cu ildən etibarən öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu mərhələni sistemin özü-özünü tənzimləyən və müstəqil gələcək inkişafına nail olunmasını ifadə edən Azərbaycan Prezidentinin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" müəyyənləşdirir.

Dövlət Proqramında Avropa İttifaqına üzv dövlətlər də daxil olmaqla xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya və dıgər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədilə həmin ölkələrlə beynəlxalq müqavilələrin bağlanması üçün tədbirlərin görülməsi də əksini tapıb.

DSMF sədri həmçinin nəzərə çatdırıb ki, ölkəmizdə Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər də məcburi dövlət sosial sığortası ilə əhatə olunur. Bu gün fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 7 945 nəfər təşkil edir.

Noyabrın 1-nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı cari ilin əvvəli ilə müqayisədə 126 528 nəfər artaraq 1.617 975 nəfərə çatıb.

Müslümov görüşdə sığorta-pensiya sisteminin inkişafı üçün bir sıra parametrlərin mövcudluğundan və qarşıda duran əsas vəzifələrdən də danışıb. Bu vəzifələrdən biri orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə olan nisbəti ilə bağlıdır. Belə ki, yaxın gələcəkdə bu nisbət Sosial Xartiyada nəzərdə tutulan 40 faizə çatdırılmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti