...

Azərbaycan məhkəməsi Gürcüstan vətəndaşına 14 il həbs cəzası verib

Cəmiyyət Materials 30 Dekabr 2009 13:26 (UTC +04:00)
Azərbaycanda 16 il əvvəl sifarişli qətllər törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşına hökm oxunub.
Azərbaycan məhkəməsi Gürcüstan vətəndaşına 14 il həbs cəzası verib

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda 16 il əvvəl sifarişli qətllər törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşına hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə sifarişli qətllər törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Nəbi Əliyevə 14 il azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxs 2000-ci ilə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 70-ci (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması), 94-cü maddənin 1-ci və 8-ci bəndləri (qəsdən adam öldürmə), Cinayət Məcəlləsinin hazırda qüvvədə olan 120.1-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunub.

Əliyev 2009-cu il fevralın 20-də Özbəkistanda tutularaq Bakıya gətirilib. O, xüsusilə ağır cinayətlərdə təqsirləndirilərək 15 il azadlıqdan məhrum edilən Gürcüstan Respublikasının vətəndaşı Müğdət Ömərovun dəstəsinin üzvüdür.

İstintaq müəyyən edib ki, Müğdət Ömərov atası İmran, qardaşları Naqmat və Hümmət, tanışları Füzuli Məmmədov, Şahbaz Eminov, Nəbi Vəliyev, Bəylər Allahverdiyev, Fərəc Fərəcov və Ramiz Ələkbərovdan ibarət dəstə yaradıb. Ömərov dəstəsinin üzvlərini odlu və soyuq silahlarla təmin edib. Cinayətkar dəstə çoxsaylı basqınlar törədib, adam oğurluğu ilə məşğul olub. Dəstə başçısı Ömərov, dəstənin üzvləri - Naqmat və Hümmət Ömərovlar, Şahbaz Eminov, Bəylər Allahverdiyev, Fərəc Fərəcov, Ramiz Ələkbərov 2005-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunublar və müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti