Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda həbsdə olan baş redaktorun işgəncələrə məruz qalması barədə ifadələri araşdırmalarla təsdiqini tapmayıb.
Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev cümə axşamı Trend -a bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Gündəlik Azərbaycan" və "Realnı Azərbaycan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin dindirilməsi zamanı, həmin müəssisənin əməliyyat şöbəsinin rəisi Kərim Şirinov tərəfindən təhqir olunması, işgəncələrə məruz qalması, eyni zamanda, saxlanıldığı kameranın kommunal şəraitinin, istilik və içməli su ilə pis təchiz olunması barədə verdiyi ifadələrin yoxlanılması üçün Qaradağ rayon prokurorluğu tərəfindən araşdırma aparılıb.
Aparılmış araşdırma ilə müəyyən edilib ki, baş redaktorun üzərindən narkotik vasitə aşkar edilib götürülərkən və cərimə təcridxanasına keçirilərkən cəzaçəkmə müəssisələrinin əməkdaşları tərəfindən Eynulla Fətullayevə qarşı hər hansı qanunazidd davranışa, habelə fiziki zor və ləyaqətini alçaldan hərəkətlərə yol verilməyib, onunla aparılan prosessual hərəkətlər qanunvericiliyin və "Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydaları"nın tələblərinə cavab verib, saxlanıldığı kameranın kommunal şəraiti, istilik və içməli su ilə təchiz olunması, həmçinin geyim əşyaları müəssisədə cəza çəkən digər məhbuslarla eyni - müvafiq tələblər çərçivəsində olunub.
30 dekabr 2009-cu il tarixdə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Eynulla Fətullayevin bədənində heç bir xəsarət və ya xəsarət izləri aşkar edilməyib.
Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Eynulla Fətullayevin ifadələri araşdırma zamanı təsdiqini tapmadığı üçün Qaradağ rayon prokurorluğu tərəfindən toplanmış material üzrə yanvarın 21-də cinayət işinin başlanması rədd edilib.
Ötən ilin sonunda Fətullayevin ayaqqabısından və gödəkçəsinin astarından 0,223 qram heroin, Şahin Şəmsiyevin üzərindən isə 0,081 qram heroin tapılıb.
Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.