...

Azərbaycandan Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə başlayıb

Cəmiyyət Materials 5 Aprel 2010 16:54 (UTC +04:00)
Azərbaycandan Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə başlayıb.
Azərbaycandan Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə başlayıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycandan Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Rusiya vətəndaşı, Həştərxan şəhər sakini Yunus Bediqov, Xaçmaz rayon sakinləri Şirzal Fətullayev, Firuz Fətullayev və Ədalət Dadaşovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq (206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıqa cəhd (29, 206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.2.1), hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə (315.2) maddələri ilə təqsirli bilinirlər.

Ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə həyata keçirdikləri tədbir nəticəsində Azərbaycan ərazisindən Rusiyaya və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan Yunus Bediqov, Ədalət Dadaşov, Şirzal və Natiq Fətullayevlər Xaçmazda, dəniz sahilində yaxalanıblar.

Mütəşəkkil dəstənin üzvlərindən 1 milyon ABŞ dolları məbləğində müxtəlif ceşidli qiymətli əşyaların qablaşdırıldığı 110 ədəd qutu aşkar edilərək götürülüb.

Tərkibində həmın qiymətli əşyaların qablaşdırıldığı qutuları Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla Azərbaycandan Rusiya ərazisinə aparmağa cəhd göstəriblər.

Mütəşəkkil dəstənin qanunazidd hərəkətlərinin vaxtında qarşısının alınması məqsədi ilə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib. 2009-cu il sentyabrın 17-də, saat 23:30 radələrində Xaçmaz rayonu ərazisindəki dəniz sahilində Yunus Bediqov, Ədalət Dadaşov, Şirzal və Natiq Fətullayev qardaşları Firuz Fətullayevin idarə etdiyi "01 BX 554" dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomaşını ilə həmin əraziyə gələrək, külli miqdarda müxtəlif çeşidli əşyalarla dolu qutuları iki rezin qayıq vasitəsilə Rusiya tərəfdən sərhədi pozaraq Azərbaycanın ərazi sularına daxil olmuş yüksəksürətli, 8 metr uzunluğu olan katerə daşıyıb yüklədikləri vaxt cinayət başında yaxalanıblar.

Əməliyyat keçirilərkən mütəşəkkil dəstənin üzvləri Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin tabe olmaq barədə tələblərinə əməl etməyib, əksinə, odlu silahdan atəş açmaqla müqavimət göstəriblər. Nəticədə cavab atəşi ilə Natiq Fətullayev zərərsizləşdirilib, dəstənin digər üzvü Yunus Bediqov isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti