Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/
İsrailin Hadera şəhər bələdiyyəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul edib. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
İsraildə fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) müraciəti əsasında qəbul edilən qərara əsasən, Hadera şəhərinin mərkəzində yerləşən Ahad ha-Am küçəsindəki xiyabanda ulu öndər Heydər Əliyevin xatirə lövhəsinin təməl daşı qoyulacaq və xiyaban Azərbaycanın milli liderinin adını daşıyacaq. 3800 kvadratmetr ərazini əhatə edən xiyabanda əsaslı yenidənqurma və abadlaşdırma işləri də aparılacaq.
Bundan başqa, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Tel-Əviv şəhərində "Ön Asiya: kütləvi informasiya vasitələri və regional münaqişələr" mövzusunda beynəlxalq konfrans da keçiriləcək. Tədbirin məqsədi dövlət rəsmlərinin, regiondakı prosesləri dərindən bilən politoloqların və mütəxəssislərin, habelə Azərbaycan, İsrail, ABŞ və Rusiyada fəaliyyət göstərən rusdilli kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə medianın münaqişələrin həllində roluna dair müzakirələr aparmaqdır.
Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərqdəki vəziyyət və digər münaqişələr müzakirə ediləcək, Azərbaycan və İsrail KİV-ləri arasında əməkdaşlığın müasir durumu və inkişaf perspektivləri, Azərbaycan və İsrail dövlətləri arasında münasibətlərin regionda sülhün və təhlükəsizliyin təmin olunmasında rolu, Azərbaycanda dini və etnik tolerantlıq Azərbaycan və yəhudi xalqları arasında dostluq və tərəfdaşlığın inkişafının mühüm amili kimi və digər mövzularda məruzələr səslənəcək.