...

Azərbaycanın Kür çayında daşqınlar baş verəcəyi gözlənilir - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 15 Aprel 2010 11:47 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, subasmaların Kürün aşağı axınında baş verəcəyi gözlənilir.
Azərbaycanın Kür çayında daşqınlar baş verəcəyi gözlənilir - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Kür çayında aprel və may aylarında subasma halları baş verəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, subasmaların Kürün aşağı axınında baş verəcəyi gözlənilir.

Belə ki, aprel ayında temperaturların normadan yuxarı olacağı və bununla əlaqədar dağlıq ərazilərdə qarın intensiv əriyəcəyi, eyni zamanda, yağıntıların normaya yaxın olacağı proqnozlaşdırılır.

Həmçinin, Mingəçevir və Araz su anbarlarında, Kür çayının aşağı axınında suyun hazırkı səviyyəsi də ötən illərdəkindən yuxarı olacaq.

2009-cu ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir su anbarının səviyyəsi 1,64 metr, Araz su anbarının səviyyəsi 2,46 metr, Ceyranbatan su anbarının səviyyəsi 1,13 metr, Şəmkir su anbarının səviyyəsi isə 3,31 metr çoxdur.

Kür çayının aşağı axınında hazırkı səviyyələri 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə, orta hesabla, 23-182 sm, keçən illə müqayisədə isə 364 sm yuxarıdır.

Nazirlikdən bildirilib ki, gursululuq dövrünün ayrı-ayrı günlərində temperaturun yüksəlməsi və yüksək dağlarda qarın əriməsi, xüsusən, yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Göyçay, Girdimançay və sair), şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Vəlvələçay, Qaraçay və sair), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay və sair), Naxçıvan MR-in (Naxçıvançay, Cəhriçay, Əlincəçay, Gilançay və sair) və Lənkaran - Astara bölgəsinin (Lənkarançay, Viləşçay və s.) çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti