RED. əlav.: Mətnə ombudsman Elmira Süleymanova və deputat Həvva Məmmədovanın çıxışları əlavə edilib.
Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanda "Soyqırım: Bakı" adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
"Filmdə ermənilərin 1918-ci ildə Bakıda törətdiyi soyqırım sənədlərlə, faktlarla öz əksini tapır. Filmdə hadisənin canlı şahidləri, doğmalarını, yaxınlarını itirən, bu soyqırımdan əziyyət çəkən insanların xatirələrindən daha geniş istifadə olunub", - Trend-in məlumatına görə, şənbə günü "Azərbaycanfilm" kinostudiyasında "Soyqırım: Bakı" adlı sənədli filmin təqdimat mərasimində millət vəkili, filmin baş məsləhətçisi Qənirə Paşayeva bildirib.
Paşayevanın sözlərinə görə, hadisənin canlı şahidlərinin fikirlərinin filmdə öz əksini tapması beynəlxalq ictimaiyyət üçün çox önəmlidir.
"Filmi hazırlayan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi bunun Azərbaycanla yanaşı, dünyadakı azərbaycanlılar arasında da yayılmasını planlaşdırır", - filmin baş məsləhətçisi əlavə edib.
Onun fikrincə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bu faktları bilməsi çox vacibdir.
"Bu zaman onlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımla bağlı daha geniş təbliğat aparmaq imkanı əldə edəcəklər", - millət vəkili vurğulayıb.
Paşayeva deyib ki, hər il aprelin 24-də ermənilər qondarma "soyqırım" iddiaları ilə çıxış edirlər.
"Biz bu iddiaların uydurma olduğunu sübut etmək üçün həmişə Türkiyənin yanında olmuşuq. ABŞ Konqresində qondarma "soyqırım"la bağlı qərar qəbul olunanda, Azərbaycan Parlamenti dərhal buna reaksiya verdi və biz çox kəskin etirazımızı bildirdik. Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Abdullah Güllə telefonla əlaqə saxlayaraq dövlətimiz adından etirazını çatdırdı. Düşünürəm ki, hər bir vətəndaşımız bu cür hərəkət etməlidir. Bizim xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları xüsusilə fəal olmalıdırlar", - Paşayeva xatırladıb.
Onun fikrincə, "Soyqırım: Bakı" filminin Azərbaycan televiziya kanallarında nümayiş etdirilməsi nəzərdə tutulur.
"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi filmin nüsxələrinin çoxaldılaraq bir çox dövlət və qeyri-hökumət təşkilatları, diaspor təşkilatları vasitəsilə xaricdə yaşayan həmyerlilərimiz arasında və beynəlxalq ictimaiyyətə yayılmasını da həyata keçirməyə başlayır", - o qeyd edib.
Paşayeva deyib ki, filmin beynəlxalq ictimaiyyət arasında geniş yayılmasını həyata keçirmək üçün Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi filmin ingilis və rus dilllərində versiyasını da hazırlayır. Filmin xarici dillərdə ABŞ-da, bəzi Avropa və MDB ölkələrində təqdimatının keçirilməsi də planlaşdırılır.
Filmin prodüsseri Günel Paşayeva, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayevadır. Filmin elmi rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlıdır.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi bundan əvvəl "Soyqırım: Quba" filmini Azərbaycan və ingilis dillərində hazırlayaraq Azərbaycanda və bəzi xarici ölkələrdə təqdimatlarını həyatı keçirib.
1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər.
"Azərbycanda bu cür filmlərin çəkilməsi ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından çox böyük əhəmiyyət daşıyır", - ombudsman Elmira Süleymanova çıxışında bildirib.
Süleymanovanın sözlərinə görə, ermənilər hər zaman türklərin onların düşməni olması haqqında yalan təbliğat aparırlar.
"Bunun nəticəsidir ki, hətta məktəb yaşında olan erməni də türklərin düşmən olduğunu iddia edir. Amma biz öz övladlarımızı bu cür düşmənçilik ruhunda böyütmürük", - ombudsman əlavə edib.
Onun fikrincə, halbuki əsrlər boyu ermənilər soyqırım törədiblər.
"Bu soyqırım faktlarının sübutu kimi belə filmlər olmalıdır", - Süleymanova vurğulayıb.
"Ermənilər ötən əsrin əvvəllərində olduğu kimi, əsrin sonlarında da azərbaycanlılara qarşı soyqırım törədiblər və bunun ən dəhşətlilərindən biri Xocalıda baş verib", - tədbirdə çıxış edən millət vəkili Həvva Məmmədova bildirib.
Onun fikrincə, ermənilər Xocalı soyqırımına qədər Dağlıq Qarabağın azərbaycanlılar yaşayan onlarla kəndində soydaşlarımıza qarşı qırğınlar törədiblər.
"Xocalı dünyada analoqu olmayan bir faciədir. Bu soyqırım bütün dünyada ermənilərin kimliyini bir daha sübut etdi. Amma ermənilər bu gün dünyada qondarma soyqırım siyasəti aparırlar", - millət vəkili deyib.
Məmmədovanın sözlərinə görə, ermənilər hətta o qədər azğınlaşıblar ki, Xocalı faciəsi zamanı çəkilən şəkilləri öz saytlarında yerləşdiriblər.
"Bu fotoların Kosovoda, Yuqoslaviyada çəkildiyini iddia edirlər. Bununla ermənilər dünya ictimaiyyətinə guya Azərbaycan tarixçilərinin saxtakarlıqla məşğul olduğunu sübut etmək istəyirlər. Biz bu cür uydurma iddiaların qarşısının alınması üçün təbliğatımızı daha gücləndirməliyik", - o xatırladıb.