...

Trend BİA-nın ekoloji maarifləndirməyə dair layihəsi çərçivəsində orta məktəbdə şagirdlər üçün "açıq dərs" keçirilib (FOTO)

Cəmiyyət Materials 19 May 2010 13:09 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi ekoloji maarifləndirməyə dair layihə çərçivəsində çərşənbə günü Bakının 225 saylı orta məktəbində şagirdlər üçün açıq ekoloji dərs keçirilib.
Trend BİA-nın ekoloji maarifləndirməyə dair layihəsi çərçivəsində orta məktəbdə şagirdlər üçün "açıq dərs" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir M. Əliyev/

Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi ekoloji maarifləndirməyə dair layihə çərçivəsində çərşənbə günü Bakının 225 saylı orta məktəbində şagirdlər üçün açıq ekoloji dərs keçirilib.

Tədbirdən öncə Trend Beynəlxalq İnformasiya Agentliyinin layihə çərçivəsində şagirdlər üçün ekoloji maarifləndirməyə dair hazırladığı əyani vəsaitlər - köynəklər və kepkalar paylanılıb.

Layihənin koordinatoru və ideya müəllifi, Trend BİA-nın direktor müavini Emil Hüseynli açıq dərs zamanı çıxış edərək bildirib ki, layihə Azərbaycanda 2010-cu ilin "Ekologiya ili" çərçivəsində həyata keçirilir və ekoloji maarifləndirmənin bir hissəsinin məktəblərdə aparılmasını nəzərdə tutur.

"Ətraf mühitə münasibətdə insan şüurunda inqilab etməyin zamanı çatıb və bu işi məktəb şagirdləri arasında aparmaq daha lazımlıdır; ətraf mühitin qorunması üçün hər bir vətəndaş məsuliyyətini hiss etməli və bu istiqamətdə öz töhfəsini verməlidir", - Hüseynli bildirib. Onun sözlərinə görə, orta məktəbdə uşaqların ekoloji biliklərini artırmaqla, gələcəkdə insanların ətraf mühitə baxışını dəyişmək mümkündür.

"Əgər kimsə öz təbiətinə ziyan vurmaqla düşmən kəsilirsə, onda çox ciddi faciələr baş verə bilər. İnsanlar təbiətə nə qədər biganə qalacaqlarsa, ətraf mühit də öz təsirini göstərəcək", - Hüseynli əlavə edib.

Hüseynli layihədə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat şöbəsinin əməkdaşı Şövkət Bəkirov bildirib ki, ekologiya ilə bağlı məktəbdə "açıq dərs"in keçirilməsinin məqsədi şagirdlərin bu sahədə bilgilərini müəyyənləşdirib, onların fikirlərini düzgün istiqamətə yönəltməkdir.

Ekoloji maarifləndirmə istiqamətində həyata keçirdiyi layihəyə görə, Trend BİA-ya təşəkkürünü bildirən Bəkirovun sözlərinə görə, ekoloji təbliğata məktəblərdə daha çox fikir verilməlidir ki, böyüyən nəslin ətraf mühit bilgilərini möhkəmləndirsin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzərin kompleks ekoloji monitorinq idarəsinin rəisi Mirsalam Qəmbərov "açıq dərs" zamanı bildirib ki, hazırda dünyada təbiətlə insan təmasında balans pozulur və bu problemin qarşısının alınması gələcək nəsillər üçün vacibdir.

"Siz bizim gələcəyimiz, davamçılarımızsınız və indidən ətraf mühitlə bağlı qanunları, beynəlxalq konvensiyaları öyrənməklə gələcəkdə problemlərin öhdəsindən gələ bilərsiniz", - Qəmbərov şagirdlərə bildirib. İdarə rəisi dünyada baş verən qlobal problemlərlə yanaşı, hər ölkədə olduğu kimi, Azərbaycanda da mövcud regional problemlərdən söz açaraq, onların aradan qaldırılma yollarından danışdı.

"Şagirdlərin ekoloji maarifləndirməsi nə qədər yüksək səviyyədə olarsa, daha da uğurlu nəticələr əldə etmiş olarıq", - Qəmbərov bildirb.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit Üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova şagirdlərə ekologiya sahəsində görülməsi zəruri olan işlərdən, təbiətin insanlara verdiyi nemətlərdən səmərəli istifadə olunmasının yollarından danışdı.

Sonra tədbirdə şagirdlərin çoxsaylı sualları cavablandırıldı, bir çox məsələlər ətrafında uşaqlarla birgə müzakirələr aparıldı.

Xəbər lenti

Xəbər lenti