...

Trend BİA-nın ekoloji maarifləndirməyə dair layihəsi çərçivəsində Gəncədəki orta məktəbdə "açıq dərs" keçirilib (FOTO)

Cəmiyyət Materials 27 May 2010 13:07 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Azərbaycan Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi ekoloji maarifləndirməyə dair layihə çərçivəsində cümə axşamı Gəncənin 43 saylı orta məktəbində şagirdlər üçün "açıq ekoloji dərs" keçirilib.
Trend BİA-nın ekoloji maarifləndirməyə dair layihəsi çərçivəsində Gəncədəki orta məktəbdə "açıq dərs" keçirilib (FOTO)

Azərbaycan, Gəncə, 27 may /Trend, müxbir V.Məmmədov/

Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Azərbaycan Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi ekoloji maarifləndirməyə dair layihə çərçivəsində cümə axşamı Gəncənin 43 saylı orta məktəbində şagirdlər üçün "açıq ekoloji dərs" keçirilib.

Tədbirdən öncə Trend Beynəlxalq İnformasiya Agentliyinin layihə çərçivəsində şagirdlər üçün ekoloji maarifləndirməyə dair hazırladığı əyani vəsaitlər - köynəklər və kepkalar paylanılıb.

İlk öncə məktəbin direktoru Xəzangül Hüseynova bildirib ki, məktəblilər arasında ətraf mühitin qorunmasına dair bu cür tədbirlərin keçirilməsi önəmlidir. Çünki məktəblilərdə ekoloji maarifləndirmə güclənərsə, gələcəkdə təbiətimiz daha da saflaşar.

Məktəblilər Dövlət Himnini oxuyandan sonra, layihənin koordinatoru və ideya müəllifi, Trend BİA-nın direktor müavini Emil Hüseynli açıq dərs zamanı çıxışında bildirib ki, layihə Azərbaycanda 2010-cu ilin "Ekologiya ili" çərçivəsində həyata keçirilir və ekoloji maarifləndirmənin bir hissəsinin məktəblərdə aparılmasını nəzərdə tutur.

"Layihənin birinci hissəsinin məqsədi şagirdlər arasında ekoloji maarifləndirməni aparmaqdır. Uşaqların şüurunda ətraf mühitə münasibəti formalaşdırmaq üçün maarifləndirməyə ehtiyac var. Hər bir Azərbaycan vətəndaşı ətraf mühitin qorunması üçün üzərinə düşən məsuliyyəti başa düşməli və bu istiqamətdə tədbirlər görməlidir", - Hüseynli deyib.

Onun sözlərinə görə, insanlar ətraf mühitə necə münasibət göstərirsə, təbiət də öz cavabını elə verir.

"Bu yaxınlarda Hacıkənd qəsəbəsində torpaq sürüşməsi baş verib. Bu, nəyin nəticəsidir? İnsanların təbiətə münasibətinin. Hacıkənddə vaxtilə sıx meşə olduğu halda, indi insanların ağacları kəsməsi nəticəsində, torpaq sürüşməsi baş verir. Dünya ölkələri vaxtilə qlobal istiləşməyə təsir edən amilləri aradan qaldırmadığı üçün indi daşqınların, təbii fəlakətlərin sayı artır. Bu baxımdan genefondumuzun tərkib hissəsi sayılan uşaqlar indidən ətraf mühiti düşünməlidirlər. Düşmən torpaqları zəbt edirsə, bilirik ki, bu düşməndir ona qarşı mübarizə aparırıq. Əgər insan öz təbiətinə düşmən kəsilirsə, onda o xalqın gələcəyi olmaz", - Hüseynli əlavə edib.

Hüseynli layihədə göstərdiyi dəstəyə görə, Azərbaycan Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinin müdiri Mirxalid Əliyev çıxışında deyib ki, ekologiyaya nə qədər qulluq etsək, o qədər təbiət insanlara öz mehribanlığını göstərər.

"Bildiyiniz kimi, bu il ekologiya ilidir. Nazirlik bu istiqamətdə silsilə tədbirlər keçirir. Trend İnformasiya Agentliyinin belə bir ekoloji maarifləndirmə tədbirini keçirməsi uşaqların ətraf mühitə münasibətində dönüş yaratmasına böyük töhfə verəcək", - Əliyev deyib.

Onun sözlərinə görə, Gəncədə yaxın vaxtlarda məişət tullantılarının emalı üçün zavod tikiləcək.

"Gəncədə ekoloji tədbirlər keçirilir, yaşıllıqlar salınır. Sizin isə vəzifəniz bu yaşıllıqları qorumaqdır", - Əliyev əlavə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinin ekoloji təbliğat üzrə baş məsləhətçisi Əlikram Qurbanov "açıq dərs" zamanı bildirib ki, Azərbaycan dövlətinin qayğısı nəticəsində, ölkədə mühafizə olunan ərazilər, təbiət qoruqlarının sayı artırılır.

"Yaxın vaxtlarda "Hər birimiz təbiətin qoruyucusu olaq!" devizi altında Gəncənin orta məktəblərində inşa müsabiqəsi keçiriləcək və qaliblər mükafatlandırılacaq. Həqiqətən də, məktəblilər arasında ekoloji maarifləndirmənin aparılması öz töhfəsini verəcək", - Qurbanov deyib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti