...

Türkiyədə Dağlıq Qarabağla bağlı beynəlxalq konfrans keçirilib

Cəmiyyət Materials 1 İyun 2010 17:11 (UTC +04:00)
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM) Türkiyə Uluslararası İlişkilər və Strateji Analizlər Mərkəzi (TÜRKSAM) ilə birgə keçirilən tədbir "Dağlıq Qarabağ probleminin həllində türkdilli dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması" layihəsi çərçivəsində təşkil olunub.
Türkiyədə Dağlıq Qarabağla bağlı beynəlxalq konfrans keçirilib

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Türkiyədə Dağlıq Qarabağla bağlı beynəlxalq konfrans keçirilib.

"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM) Türkiyə Uluslararası İlişkilər və Strateji Analizlər Mərkəzi (TÜRKSAM) ilə birgə keçirilən tədbir "Dağlıq Qarabağ probleminin həllində türkdilli dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması" layihəsi çərçivəsində təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd çağdaş türkdilli dövlətlərdə fəaliyyət göstərən ayrı-ayrı türk xalqlarının diaspor təşkilatlarının, QHT və KİV təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, bu münaqişənin ədalətli həll olunmasında qarşıya çıxan maneələr, onun Azərbaycanın iqtisadi inkişafına törətdiyi əngəllərlə bağlı məlumatlandırılması və bu qurumların diqqətini problemin həllinə yönəltməklə problemin beynəlxalq müstəvidə gündəmdə saxlanılması, onları problemin aradan qaldırılmasına səfərbər etməkdən ibarət olub.

Beynəlxalq konfransda Türkiyədə fəaliyyət göstərən ictimai və diaspor təşkilatları ilə yanaşı, millət vəkilləri, siyasi partiya nümayəndələri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları və münaqişələrin həlli sahəsində fəaliyyət göstərən analitiklər iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin tərkibində Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi də konfransa qatılıb.

Konfransı giriş sözü ilə açan TÜRKSAM sədri Sinan Oğan Türkiyədə Dağlıq Qarabağ problemi ilə bağlı ilk dəfədir belə bir konfransın keçirildiyini vurğulayaraq onun böyük əhəmiyyəti olduğunu deyib.

"Çünki TÜRKSAM-da bütün Türkiyədə fəaliyyət göstərən strateji və analitik mərkəzlər biraraya gələrək Koordinasiya Şurası yaradıblar. Ona görə də bu mərkəzdən çıxan hər bir sənəd beynəlxalq dairələrdə çox ciddi təsirə malik olur", - Oğan deyib.

ATXƏM-in sədri İlham İsmayılov öz çıxışında bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi kökləri tarixin dərinliklərində və böyük güclərin bölgə ilə bağlı maraqlarında yatan, eyni zamanda, ermənilərin "dənizdən dənizə böyük Ermənistan" xülyasından qaynaqlanan bir problemdir.

Konfransda Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komissiyasının üzvü, millət vəkili Dr. Şenol Bal və BDU-nun professoru Musa Qasımlı da məruzə ilə çıxış edərək, Dağlıq Qarabağ probleminin həllində türk xalqlarının vahid mövqe nümayiş etdirmələrinin zərurətindən danışıblar.

Konfransda "Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılmasında diaspor və QHT-lərin əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdirinin müavini Elnar Məmmədov Ermənistanın ölkəmizə hərbi təcavüzünün nəticələri, Azərbaycan Respublikasının bu məsələdə tutduğu mövqe barədə ətraflı məlumat verib, Türkiyə və Azərbaycan diaspor təşkilatlarının QHT-lərlə əməkdaşlığında bu məsələlərin nəzərə alınmasının zəruriliyini bildirib.

Azərbaycan Müəllif Hüquqları Agentliyinin əməkdaşı Araz Qurbanov, Türkiyə Strateji və Sosial Araşdırmalar Vakfı başqanı Şamil Ayrım və digərləri də çıxış edərək, problemin həllində bütün türk xalqlarının ortaq mövqedən çıxış etmələrinin əhəmiyyətini vurğulayıblar.

Konfransın sonunda 150-dən çox təşkilatın adından beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti