...

Sumqayıtda "Təhsil, Elm, İnformasiya Texnologiyaları" Festivalı keçiriləcək

Cəmiyyət Materials 3 İyun 2010 17:54 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində keçirilir.
Sumqayıtda "Təhsil, Elm, İnformasiya Texnologiyaları" Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Cari ayda Sumqayıt şəhərində "Təhsil, Elm, İnformasiya Texnologiyaları" Festivalı keçiriləcək.

Sumqayıt şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində keçirilir.

Festival çərçivəsində "İnformasiya və kommunikasiya texnologiyaları Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimi", "Xalq kompüteri" layihəsi, "İKT peşəsinə artan maraq və İKT sahəsində ixtisaslaşmaq imkanları", "Azərbaycanın təhsil sektorunda həyata keçirilən İKT layihələri", "Azərbaycan təhsilinin informasiyalaşdırılması", "İnternetləşmə və Azərbaycan gənclərinin sosial şəbəkələşməsində rolu" mövzuları geniş müzakirə olunacaq.

Festival iştirakçıları həmçinin Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti, Sumqayıt Elektrik Stansiyası və BİSMAK Qida-Sənaye Kompleksində informasiya texnologiyalarının tətbiqi ilə, eləcə də şəhərin bir neçə mədəniyyət obyektləri ilə yaxından tanış olacaqlar.

Festivalın ilk günündə sərgi-yarmarkanın açılışı olacaq. Kimyaçılar Mədəniyyət Sarayının foyesində təşkil olunacaq sərgidə müsabiqədə fərqlənmiş işlər nümayiş etdiriləcək.

Festival çərçivəsində Sumqayıt şəhərində məktəblilər və tələbələr arasında keçirilən informasiya texnologiyaları layihələri üzrə "Gənc İnformatiklər" müsabiqəsinin qalibləri də elan olunacaq.

"Elektron təhsil" respublika müsabiqəsinin tərkib hissəsi olan və "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində keçirilən bu müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu və Qafqaz Universiteti təşkilati dəstək göstərirlər.

Müsabiqənin baş sponsoru HP şirkəti, sponsorları isə Microsoft korporasiyası, Bestcomp şirkəti və Aztelekom İB-dir.

Müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır. Sumqayıt şəhərində bu müsabiqə artıq ənənəvi olaraq keçirilir.

Xəbər lenti

Xəbər lenti