...

Azərbaycanın Milli Qəhrəmanı barədə filmin təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 10 İyun 2010 15:19 (UTC +04:00)
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi cümə axşamı "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən Milli Qəhrəman Qasım Rzayevin həyat və döyüş yoluna həsr olunmuş "Qasımın andı" filminin təqdimatını keçirib.
Azərbaycanın Milli Qəhrəmanı barədə filmin təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M. Əliyev/

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi cümə axşamı "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən Milli Qəhrəman Qasım Rzayevin həyat və döyüş yoluna həsr olunmuş "Qasımın andı" filminin təqdimatını keçirib.

Təqdimat mərasimini giriş sözü ilə açan İctimai Birliyin sədri Günel Paşayeva Qasım Rzayevin həyat yolu barədə danışaraq bildirib ki, Milli Qəhrəmanları örnək kimi göstərərək, qəhrəmanlarımızın sayını gələcəkdə artıra bilərik. "Torpaqlarımızın hazırda işğal altında olması səbəbindən hər bir azərbaycanlı şəhidlik zirvəsinə yüksəlməyə hazır olmalıdır", - İctimai Birliyin sədri bildirib.

Filmin baş məsləhətçisi Qənirə Paşayeva təqdimat zamanı deyib ki, Qasım Rzayev kimi qəhrəman, onun Vətənə olan sevgisi, cavan yaşında həyatını torpağı uğrunda qurban verməsi hər bir gəncə örnək olmalıdır. "Qasım Rzayev kimi qəhrəmanlar öz qanı ilə bu torpağı bizə daha çox sevdirdilər", - Paşayeva bildirib.

Millət vəkili Əlibəyli kəndinin Azərbaycan tarixində qəhrəmanlıq nümunəsi kimi yazıldığından danışaraq deyib ki, əhali öz kəndini tərk etməyərək, sona qədər düşmənlə vuruşub.

Azərbaycan ombdusmanı Elmira Süleymanova tədbir zamanı deyib ki, Milli Qəhrəmanlara peşəsindən asılı olmayaraq, hər bir vətəndaş borcludur. "O şəxslərə halal olsun ki, dünyada ən ali hüquq olan - öz yaşamaq hüququnu Vətən uğrunda qurban verib", - insan haqları üzrə müvəkkil bildirib. Qasım Rzayevin yaxınlarına və qohumlarına müraciət edən Süleymanova bildirib ki, belə qəhrəmanlar bütün nəslinə şərəf gətirir.

Filmin rejissoru Etibar Məmmədovdur.

Qasım Rzayev ermənilərə qarşı keçirilən kəşfiyyat və hücum əməliyyatlarında düşmənin çoxlu sayda texnikasını və canlı qüvvəsini məhv edib. 14 may 1992-ci il tarixində Əlibəyli ətrafında gedən döyüşlər zamanı o, düşmənə qarşı raket zərbələri endirən zaman, idarə etdiyi maşın ermənilərin hədəfinə tuş gəlib. 1994-cü ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyev Qasım Qara oğlu Rzayevi Vətənin müdafiəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layıq görüb.

Xəbər lenti

Xəbər lenti