Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda 60-a yaxın abituriyent birinci ixtisas qrupu üzrə qəbul imtahanından xaric edilib. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.
"Təşkilati nöqteyi-nəzərdən birinci qrupun imtahanları ən çətin imtahan sayılır. 60-a yaxın abituriyent müxtəlif qayda pozuntusuna yol verdiyinə görə, imtahanlardan xaric olunub. İmtahanlarda qayda pozuntusuna yol verənlərin əksəriyyəti oğlanlar olub".
Nağızadənin sözlərinə görə, imtahanın nəticələri sabah elan olunacaq.
"Hazırda imtahan nəticələrinin emal prosesi gedir. Müsabiqə balı 250 bal nəzərdə tutulub, lakin imtahanların nəticələrindən asılı olaraq müsabiqə balı dəyişə bilər", - Nağızadə deyib.
Nağızadə ilk dəfə olaraq Gəncədə keçirilən imtahanlarda heç bir problemin yaranmadığını deyib.
"İmtahan normal keçib, heç bir təşkilati problem yaşanmayıb", - Nağızadə əlavə edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 11-də respublika ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
Birinci ixtisas qrupu üzrə 35 769 abituriyent ərizə təqdim edib. İmtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində aparılıb.